Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna ordusunu kaset sursatları ilə təmin etməsi tələbi amerikalı həmkarı Co Baydeni kritik vəziyyətə salıb. Elchi.az xəbər verir ki, Alyssa Blakemore bu barədə “Responsible Statecraft” üçün yazdığı məqalədə açıqlama verib.
Nəşrin müəllifi hesab edir ki, Bayden həm Ukrayna, həm də amerikalı qanunvericilərin təzyiqlərinə müqavimət göstərməli və kaset sursatları göndərməməlidir. “Belə mübahisəli silahların verilməsi ilə bağlı reputasiya riski sadəcə olaraq buna dəyməz” – deyə o bildirib.
Bleykmorun fikrincə, tələb olunan sursatın Kiyevə təhvil verilməsi qərarı transatlantik tərəfdaşları ABŞ-dan uzaqlaşdıra və NATO-nu parçalaya bilər. O xatırladıb ki, kaset sursatları haqqında Konvensiyanı imzalayan alyansın 23 üzvünə bu bombaları birbaşa və ya dolayı yolla ötürmək qadağandır. “Bu o deməkdir ki, Birləşmiş Ştatlar bu silahların daşınmasında müttəfiqlərin dəstəyinə arxalana bilməyəcək”, – Bleykmor bildirib.
Bundan əvvəl hərbi ekspert Aleksandr Perendjiyev kaset sursatlarının təhlükəsini izah etmişdi. Onun sözlərinə görə, onlar mahiyyət etibarilə yerli sakinlərə qarşı silahdırlar.
Havar Şəfiyeva