Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibədən çıxış yolu axtarır.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın dövlət televiziyası RAI-də yayımlanan “Porta a porta” proqramında jurnalist Bruno Vespanın suallarını cavablandıran Zelenski Ukrayna-Rusiya müharibəsi və bununla bağlı hadisələrlə əlaqədar dəyərləndirmələr edib.
Zelenski Rusiyanın nüvə silahından istifadəsinin onlara fayda verməyəcəyini bildirib.
“Nüvə silahı çıxış yolu deyil”
Putinin müharibədə səhv etdiyini bildirən Zelenski qeyd edib:
“Putin bu müharibədən çıxış yolu axtarır, Bunu öz cəmiyyətinə demir, lakin bunun böyük səhv olduğunun fərqindədir. Ona görə də çıxış yolu axtaracaq, ancaq nüvə silahları çıxış yolu deyil”.
Ukrayna üçün ən böyük islahatın Avropa Birliyinə (Aİ) qoşulmaq olduğunu deyən Zelenski, müharibə vəziyyətində olsalar da, dövlətdə islahatları davam etdirmək üçün çalışdıqlarını bildirib.
Ukrayna prezidenti həmçinin vurğulayıb:
“Putini dayandırmasaq, III Dünya Müharibəsi olacaq, çünki o, Polşa və Baltikyanı ölkələri işğal edəndə heç kim heç nə edə bilməyəcək, amma hamı müharibəyə gedəcək. İtaliya, Fransa, ABŞ , Böyük Britaniya, hətta bütün NATO üzvləri, NATO-nun həqiqətən var olduğunu göstərmək üçün döyüşə getməli olacaq”.
Blinken: Rusiyanın danışıq şərtləri qəbuledilməzdir
ABŞ dövlət katibi Entoni Blinken isə Rusiyanın danışıqlar şərtlərinin qəbuledilməz olduğunu bildirib:
“Çünki Moskva danışıqları Kiyevin itirilmiş torpaqlarından imtina etməyi şərtləndirir. Amma bu şərtlər qəbuledilməzdir”.
Yeganə