"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

ZƏFƏR TƏQVİMİMİZİ NECƏ QURAQ? – Bayram günlərini birləşdirən Qələbəmiz…

30 Sentyabr 2025 - 12:27
in SİYASƏT
FacebookVatsap

Zahid ORUC

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan xalqının siyasi təqvimi 3 fərqli dövrün – Cümhuriyyətin mirası, 90-cı illər SSRİ-nin dağılması nəticəsində qazanılan müstəqilliyin qürur və kədər günləri, nəhayət, 2020-ci ildə prezident İlham Əliyevin rəhbərliyi ilə millətimizlə müqəddəs Vətən müharibəsində qazandığı Zəfərdən doğulan bayram günləri müasir milli tariximizi təşkil edən əsas sütunlardır.

Vətən müharibəsində Qələbə siyasi təqvimimizə də azadlıq qazandırıb, təqvim inqilabı və ya qalibiyyət silsiləsindən yaranan yeni dövlətçilik səlnaməsi formalaşdırıb.

Müharibədən keçən xalqlar üçün ən böyük vəzifə Qələbə təqvimini yaratmaqdır, çünki Zəfər ən böyük milli ideologiyadır, həm fəlsəfi, həm siyasi, həm də ictimai baxımdan bütöv bir ideoloji doktrinanın bünövrəsidir. Qələbə Təqvimi yeni siyasi və milli kimlik kursunun onurğa sütunudur. Niyə bu ideologiyanın mərkəzinə “təqvim” qoyulur? Çünki siyasi təqvim sadəcə günlərin ardıcıllığı deyil – o, tarixi necə kütləvi yaddaşa çevirməyi, hansı dəyərləri önə çıxarmağı və gələcəyə necə baxmağı müəyyənləşdirir. Yəni, təqvim, ictimai yaddaşımızın siyasi redaktəsidir.

Zəfər ani hadisə deyil-bir prosesdir. Qələbə təqvimi o dinamikanı mərhələ-mərhələ xalqın yaddaşında qurur: Müstəqillik → Qurtuluş → Mübarizə → Şəhidlik → Qələbə → Qayıdış → Gələcək. Gördüyünüz kimi, xüsusilə də şərqli təfəkküründəki ierarxik düzülüş təmin olunur. Keçmişi qoruma, gələcəyi istiqamətləndirmə nəticəsində təqvim həm faciə günlərini mənalandırır, həm də gələcək nəsillər üçün dəyərlər toplusu formalaşır: bayramlar, anım günləri, rəsmi tədbirlər xalqla birbaşa emosional bağı yaradır. Qələbə təqvimi – bu emosional əlaqəni vahid sistemə salır.

“Zəfər Təqvimi” necə qurula bilər? Müstəqillik günü Zəfərə gedən yolun başlanğıcı, Qurtuluş Günü xilas və daxili xaosa son qoymaq, onu nizamla əvəzləmək, Silahlı Qüvvələr günü Cümhuriyyətin yaratmağa çalışdığı orduya ehtiram və onların yarımçıq qalan ideallarının İlham Əliyevin ordusu ilə gerçəyə çevrilməsi, nəhayət, Zəfər günü ən ali mərhələyə-ümumxalq arzularına yetişmək yalnız bayramların təqvim sıralaması deyil, xalqın yaddaşında yeni nəsil siyasi tarix yaratmaqdır.

Təqvim islahatı siyasi tariximizi düzgün mənalandırmaq, ona münasibəti yenidən qurmaq, yəni “qara haşiyəli günlərə”-milli faciələrə, işğal və məğlubiyyət tarixinə yeni məna qazandırmaq deməkdir. Nəticədə, milli travmanı idarə etməklə işğal dövründəki faciəli günlər – yalnız yas və acı deyil, dirəniş, müqavimət, vətən sevgisinin simvolu kimi təqdim olunur. Qələbədən sonra həmin günlərə “məğlub olsaq da uzun illərin sistemli mübarizəsi ilə qələbəyə çatdıq”, mesajı ilə yanaşılır, “qaranlıq tarix” aydınlığa çıxır.

Tarix emosional yükündən kənar edilmir, əksinə ağrı pozitiv gücə çevrilir, çünki artıq “müharibədə yenilmək faciə deyil, xalqın səfərbərliyi ilə yenidən doğuluşa gətirən hadisədir”. Yeni siyasi təqvim həm dövlət kursunda, həm də vətəndaş yaddaşında ortaq məna daşıyıcısı olur.

Beləliklə, yeni tarixi dönəmin astanasında-17 noyabr Milli Dirçəliş, 18 oktyabr Müstəqilliyin bərpası və 20 sentyabr Suverenlik gününün birləşdirilməsi eyni siyasi amalda çulğaşan tarixi hadisələri vahid bir gündə-20 sentyabrda Bütövlük və Suverenlik bayramına çevirməyi təklif edirik. Onda Qələbə təqvimi düzgün fasada yerləşir. Əsla hər hansı tarixi günün üzərindən mexaniki xətt çəkilmir, əksinə, istər xalqımızın meydan epopeyası, istərsə də müstəqilliyin elanı nəhayət, öz dolğun mənasına yalnız 2023-cü ildə çatır.

Milli azadlıq yalnız hansısa imperiyalardan qurtulmaq deyil, həm də milli dövlət qurmaq idealına qarşı son iki əsrdə qarşı qoyulan erməni məsələsini həll etmək əsil müstəqillik və milli azadlıq hadisəsidir. Ona görə də İlham Əliyevin liderliyində qazanılan bayramlar əvvəlki tarixi nəinki inkar etmir, tam əksinə ona yeni düzən verir, daha doğrusu, onların arasında məna bağlarına görə vəhdət yaradır. 8 noyabr və 20 sentyabrla birlikdə azad olunan Kəlbəcərdən Zəngilana qədər torpaqların təqvimi, Qayıdışın gerçəkləşdirildiyi günlər Zəfər təqviminin parlaq səhifələridir.

Tarix göstərir ki, bir xalqın qələbəsi yalnız döyüş meydanında qazanılmaz. Qalibiyyət həm də xalqın ruhunda, onun ideyalarında, milli-mənəvi dəyərlərində təcəssüm etməlidir. Bizim Qələbə Təqvimini qurmaq ideyası-məhz ruhun və ideyanı birləşdirmək məramından qaynaqlanır. Təqvimdə birləşən günlər, hadisələr və tarix milli yaddaşımızın əsas sütunları olur.

Yeni siyasi təqvimin təməlində Zəfərin davamlılığı ideyası dayanır. Çünki biz yalnız torpaqlarımızı işğaldan azad etmədik, həm də milli birliyimizi, dövlətimizin suverenliyini və gələcəyə inamımızı bərpa etdik. Qələbə müharibənin bitməsi ilə tamamlanmır, o, sülhün və inkişafın təminatı ilə davam edir.

Qələbə Təqvimi tarixi və siyasi kimliyi sistemləşdirmək deməkdir. Bu təkcə dövlətin yaratdığı rəsmi konsept deyil, xalqla birgə yaşanan və formalaşan yol xəritəsidir.

Gəlin, bir daha tarixin daşlarını öz yerinə qoyaq-1991-ci ilin sentyabrın 8-də ölkəmizdə ilk prezident seçkiləri keçiriləndə artıq “Dağlıq Qarabağ respublikası” yaradılmışdı. Lakin əgər torpaqlarımız işğal olunmayasaydı belə, biz digər sovet respublikaları kimi seçkilərə getsəydik, onda Dağlıq Qarabağ Muxtar Vilayəti və ermənilərin yaşadığı bir şəraitdə seçki keçirməliydik. İndi isə ermənilər İrəvanda hakimiyyəti devirmək, hərbi-siyasi qarşıdırma salmaq ssenarisi ilə ərazini könüllü tərk ediblər və Dağlıq Qarabağ adlı qurum da yoxdur. Biz 100 il əvvəllə-1920-ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də, çünki ermənilər onda da müəyyən sayda Qarabağda vardılar. Rusiya imperiyasının tərkibində olduğumuz dövrlə heç oxşarlıq yoxdur, çünki onda vahid və müstəqil dövlətimiz mövcud deyildi. Gördüyünüz kimi, Azərbaycanın varlığı, mövcudluğu tarixində ilk dəfə millətimiz ermənilər olmadan və işğalsız öz müstəqil iradəsi ilə gələcəyini, taleyini müəyyən edir. Təkcə müstəqilliyi deyil, varlığı tarixində…

Biz təqvim islahatları təklif edərkən, ona Zəfərin gətirdiyi hərbi-siyasi və gələcək strateji hədəflər baxımından düzgün sıralama, düzülüş verməyi nəzərdə tuturuq. Çünki Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə millətimizə bəxş olunan bayram günləri təkcə torpaqların azadlığı hadisəsi olmayıb, gələcək qalib 100 ili formalaşdırmaq gücünə, yeni milli ideoloji platformaya çevrilmək potensialına malikdir. Yəni, prezident təqvim inqilabını gerçəkləşdirib, milli taleyi müəyyənləşdirən günlərə, aylara, konstitusion və bəşəri nümunəyə çevrilən tarixi hadisələrə müəlliflik edib.

Bəs digər xalqlarda təqvimi necə tərtib ediblər-biz Sezar zamanına qayıtmaq istəmirik, yaxud Qriqorian təqviminin gətirdiyi hesablama sistemi də dünyanın yaşını ölçən universal kalendardır.

Lakin siyasi təqvim islahatlarının nümunələri dünyada az olmayıb: Fransız inqilabı təqvimi, Çində xalq respublikası və bayram dəyişiklikləri, Britaniya tarixində belə tədbirlər çox olub. Bayramların bir tarixdə birləşdirilməsi daha güclü simvol yaratmaq, milli identikliyi möhkəmləndirmək, müstəqillik, dirçəliş və suverenlik kimi idealları xalqa bir bütün kimi qəbul etdirmək və milli ruhu bütövləşdirmək məramına xidmət edir. Nəticədə, yaradıcı enerji toplanır, tarixi mesajlar sadələşir, xalqın yaddaşında mürəkkəb hadisələr bir dalğada səsləşir, əbədiləşir.

Söhbət əsla inzibati qərarla süni təqvim yaratmaqdan getmir. Tarixi fərqliliklər qorunmalıdır, çünki siyasiləşmiş günlər müxtəlif hekayələrə malikdir. Fərqli sosial qrupların təqvim və qələbə kultunun quruculuğuna münasibəti sosioloji institutların daim tədqiq etdiyi sahədir.

Bir rus yazar öz dövləti haqda bunları deyir-digər xalqlardan fərqli olaraq, Rusiya ictimai fikrində milli tarixi başlanğıc nöqtəyə yığacaq konstitusion bütövlük hadisəsi mövcud deyil. Fransada belə nümunə Bastiliyanın alınması, ABŞ-da müstəqilliyin elanı, Almaniyada vahid dövlətə çevrilmə və o cümlədən, əsrin sonunda ayırıcı divarların sökülməsi həmin dövlətlərdə milləti birləşdirən əsas dayaq nöqtələridir, təməl daşlarıdır.

Müəllif qeyd edir ki, Putinin mifik Korsunu müqəddəs etmək və ya Kiyev Rusunu mənimsəmək cəhdləri uğursuz oldu. Nəticədə, Rusiyanın başlanğıcı qaranlıq bir zamansızlığa keçdi.

Kütləvi şüurda ölkənin formalaşma tarixinin qeyri-müəyyənliyi ərazinin müstəmləkə kimi genişlənməsi və yad torpaqların ələ keçirilməsi prosesinə uyğun gəlir.

Beləliklə, təqvim islahatı ideoloji-siyasi hədəflərimizə və Qarabağdan sonra xalqımızın tarixinə yeni nəzərlərlə baxmağa imkan verir, siyasi təqvimi yalnız qırmızı və qara rənglərlə boyamaq deyil, ona düzgün məna verərək dövlətçilik fəlsəfəsini və şüurunu düzgün qurur, ona kütləvilik qazandırır. İnsanlar onun ətrafında yalnız dövlət elan etdiyi üçün yox, həqiqətən qanından və canından keçdiyi üçün keçmişlə gələcək arasında rabitəni və bağları düzgün qurur, arasıkəsilməzliyi təmin edir.

Təqvimə münasibətdə hakimiyyətin və ya müxalifətin iradəsinin əsas götürüldüyü nümunələr çoxdur. Müasir Ukraynada baş verən son 10 illik inqilablar və nəhayət, Rusiyanın hərbi təcavüzü yeni qürur və faciə günləri yaradıb. Lakin həmin təqvimə xalqın birmənalı münasibəti yoxdur.

İki il əvvəl, 2023-cü ilin 20 sentyabrında Azərbaycanın qazandığı Bütöv Suverenlik millətimizin etnik, sosial və siyasi vahidliyinə bağlı olduğu üçün yalnız Xankəndinin azadlığını nəzərdə tutmur, daha çox son iki əsrlik köçkünlük və qaçqınlığın sonu, taleyimizin yad əllərdə həll edilməsinin bitməsi, erməni məsələsinin bizim coğrafiyadan kənara çıxması kimi qəbul olunur.

Biz bayramları birləşdirməyi təklif edərkən, əsla riyaziyyatdan danışmırıq, dirçəlişdən başlayan, müstəqilliyə nail olan bir xalq yalnız 2023-cü ilin 20 sentyabrında bütövlüyə qovuşubsa, əsil müstəqilliyə də onda çatıb.

Belə yanaşma bütün ictimai-siyasi institutlarımızın ətrafında birləşdiyi və xalqımızın qeyd etdiyi, məna verdiyi, daşıdığı, gələcəyə ötürdüyü siyasi təqvimimizi formalaşdırır, uğur hekayələrimizi birləşdirir, başlanğıc dayağa, kollektiv yaddaşımızın düzgün təməllər üzərində qərar tutmasına səbəb olur.

Konstitusiya və Suverenlik ilindən baxaraq, ən böyük çağırışı məhz son 5 ildən sonra daxil olduğumuz yeni siyasi dövrün keçmiş tariximizlə düzgün əlaqələnməsini təmin etmək mühüm dövləti vəzifədir.

Xankəndiyə qovuşmaq təkcə erməni məsələsinin həlli deyil, ən əsası Azərbaycan milli dövlətçiliyi daxili təhlükələrdən tam xilas olub, köçkünlük və qaçqınlığa son qoyulub. Bəli, Qayıdış çox illər aparacaq, çünki söhbət təkcə infrastruktur hadisəsindən getmir, daha çox millətin varlığına, ənənələrinə, dəyərlərinə dönüş tələb olunur.

Ona görə də Dirçəliş, Müstəqilliyin bərpası və Suverenlik gününü 20 sentyabrda birləşdirmək tamamilə qanunauyğundur.

Sentyabr təkcə suverenlik ayı deyil, həm də “Əsrin neft müqaviləsi” ilə iqtisadi suverenliyin təntənəsi, öz sərvətləri üzərində qazanılan hüquq və neft savaşının qazanılması ilə Ulu öndərin Əsrin Qələbəsinə gələn yola ən böyük töhfəsi idi.

Qarabağlı bütövlüyü müstəqillik dövründə ilk dəfədir, yaşayırıq…Hələ oraya köçən insanlar tamlığı yeni hiss edirlər..Həqiqi müstəqillik dövründə Qarabağ yalnız indi inzibati, siyasi və sosial mahiyyəti ilə ölkəmizin həyatında qurucu rol oynamağa başlayır. Fasilərlə 300 il davam edən savaş milli dövlətçiliyimizin altına qoyulan siyasi mina idi. Torpağın bətni həmin ölüm eliksirindən azad olduqca Vətənin gövdəsi dinclik tapır və üstündəki insanlara əbədi həyat verir. Belə hadisənin bənzəri milli tariximizdə yoxdur.

Siyasi təqvim islahatları-yəni ölkənin rəsmi təqvim sistemində, bayramlarda, iş və istirahət günlərində, bəzən hətta ilin başlanğıcında və günlərin sayında dəyişikliklər dünyada geniş yayılıb.

Müharibədə Qələbədən əvvəlki bayramları bir yerə yığmağı təklif edərkən mexaniki və ya inzibati birləşdirməni deyil, müstəqillik, dirçəliş, kimi tarixləri, yeni bir ideoloji və tarixi çərçivəyə – Zəfər təqviminə daxil etməyi hədəfləyirik. Belə yanaşma həm tarixi ardıcıllığı, həm də milli ideoloji bütövlüyü əks etdirir. Niyə bu yanaşma əhəmiyyətlidir, çünki tarixi sıralanma da yeni milli kimlik quruculuğudur.

Beləliklə, Zəfərdən əvvəlki dövr-hazırlıq və mübarizə mərhələsi kimi təqdim olunur, Zəfər- kulminasiya nöqtəsi olur. Zəfərdən sonrakı dövr-quruculuq, bərpa və yeni gələcək mərhələsinə keçir. Milli ideologiyanın mərkəzləşdirilməsi nəticəsində dağınıq bayramlar əvəzinə vahid ideoloji çərçivə: Zəfərə gedən yol, Zəfərin özü, Zəfərin gələcəyə ötürülməsi silsiləyə çevrilir. Yeni nəsil üçün daha anlaşılan tarix yaranır-millət üçün bayramlar yalnız təqvimdə “qırmızı günlər” deyil, bir ideoloji xətt üzrə birləşdirilmiş hadisələr qovşağını görür.

Qələbə kultunun qəbulu, onun zamanla həm kədər, həm də qələbə duyğuları harmoniyasını təmin etməsi, bir sözlə, yeni bayram və anım günləri kədər tarixinin əvəzi deyil, tamamlayıcısıdır.

Kimsə düşünə bilər ki, faciə və qələbəni yanaşı qeyd edəndə millət ikiləşir. Ona görə türklər Qalib millət kodunu seçiblər, çünki tarixi acıların üstündən qalxa və imperiyadan Cümhuriyyət quruculuğuna keçə biliblər.

Qələbə Təqviminin dövlət səviyyəsində rəsmiləşdirməsi, ona hüquqi status verilməsi prezident fərmanı ilə gerçəkləşdirilə bilər, lakin xalq və bütün ictimai institutlar keçmişlə hesablaşmağı, Zəfəri xalq yaddaşına köçürməyi, gələcəyi hansı ideoloji dayaqlar üzərində qurmağı bilməlidirlər.

Məsələn, Fransa 1944–45 illəri nasizmdən xilas və “Resistance” ideologiyasını yaratdılar. Çünki ölkə alman orduları tərəfindən 1940–44-cü illərdə işğal olundu. Yeni ideologiya: “Resistance” (Müqavimət)-yəni, xalqın işğala qarşı birgə dirənişi və əyilməzliyi simvola çevirdi.General de Qollun liderliyi, Parisin azad olunması, xalqın birliyi təqvimdə yer aldı: 8 may – Qələbə Günü, 18 iyun – Dirəniş Günü.

Polşa kommunizmə və işğala qarşı milli yaddaş formalaşdırdı. II Dünya Müharibəsində Almaniya, daha sonra Sovet İttifaqı tərəfindən azadlığının əlindən alınması “Qurbanlıq və dirəniş” + “Solidarnośt” hərəkatı həm faşizmə, həm də kommunizmə qarşı mübarizə ideologiyasına çevrildi və təqvimdə: Varşava üsyanı günü-1 avqust və mesaj formalaşdı-tarix bizi sınadı, amma xalq olaraq sınmadıq.

İndi fransızlar, polyaklar kimi azərbaycanlılar da Böyük Qayıdışa mülki Zəfər kimi baxır, çünki doğma torpaqlara dönən ailələr milli tamlıq yaradır, yollar, məktəblər, kəndlər, şəhərlər bərpa olunduqca insanlıq və həyat ahəngi, ruh Vətənə qayıdır. Yurduna dönən vətəndaş-Zəfərin mülki simvollarıdır.

Bəs “Ermənistanla sülh Zəfər ideologiyasına necə təsir edər?” Əgər düzgün siyasi-ideoloji çərçivəyə salınsa, sülh Zəfər ideologiyasını zəiflətmir, əksinə, onun daha yüksək mərhələyə qaldırır. Çünki Zəfər ideologiyasının əsasları yalnız “qalib gəldik” duyğusu deyil, tarixi ədalətin bərpa olunmasıdır, gələcək nəsillərə ilk dəfə qalib dövlətin ötürülməsidir.

Yəni, yeni milli ideologiya yalnız keçmişə yox, sabaha yönəlib. Sülh o gələcəyin zəruri mərhələsidir. Sülh qalibin iradəsidir-sülhə məcbur edən tərəf bizik-bu, Zəfərin siyasi davamıdır. “Biz torpaqları döyüşlə aldıq, sülhlə qoruyuruq”. Hərbi qələbəni siyasi sabitliyə çevirmək bacarığı çox önəmlidir. Ermənistan onu gerçəkləşdirə bilmədi və ona görə özü qazanmadığı qələbəni əldən verdi.

Qələbə quruculuq üçündür. Şəhidlik əbədi müharibələr üçün deyil, ədalətli sülhdən ötrüdür. Əks halda xalqda könülsüz barış hissi formalaşır.

Vaşinqton görüşündə paraflanan sülh sənədində ərazi bütövlüyümüz və suverenliyimiz tanındığı üçün Zəfərə siyasi möhür vuruldu. Sülh “Əliyev müqaviləsi”ni rəsmiləşdirdi.

O üzdən Azərbaycan xalqı qazandığı Zəfəri Qalibiyyət kultuna çevirə bilər.

Qələbə bayramıza gətirən hər günün mənasını düzgün müəyyənləşdirməklə biz bir daha köçkünlüyə, torpaq və insan itkilərinə məruz qalmamaq üçün güclü yaddaş siyasəti qazanmış oluruq.

Əliyevin xalqımıza qazandırdığı bayramları qorumaq və Qələbəmizi əbədi etmək hər bir azərbaycanlıdan asılıdır.

Təqvim Siyasəti Siyasi Təqvimdir, ümumxalq məsələsidir!

Ona görə də yeni milli və siyasi kimlik yeni qalib dövlət siyasətinin nüvəsini təşkil edir.

Mübarək savaşımızın 5-ci ilində yeni zəfərlərə doğru…

Previous Post

FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib – VİDEO

Next Post

Rəsmi Bakıdan Trampın Qəzza planına – Reaksiya

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post
Rəsmi Bakıdan Trampın Qəzza planına – Reaksiya

Rəsmi Bakıdan Trampın Qəzza planına - Reaksiya

Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərib – FOTO

Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərib - FOTO

Comments 8

  1. Həcər Nəsibova says:
    8 ay ago

    Yazı çox möhtəşəm olub, əslində hər şeyə toxunulub. Zahid müəllimin qeyd etdiyi kimi, təqvimimizdəki əsas hadisələr – Cümhuriyyətdən tutmuş Vətən müharibəsinə qədər olan dövr hamısı bizim milli kimliyimizi formalaşdırır. Xüsusilə 2020-ci ildəki Qələbə təkcə torpaqlarımızı azad etmədi, həm də bizim üçün yeni bir “Zəfər təqvimi” yaratdı. Bu təqvim sadəcə tarixin qeyd olunması deyil, bizim ümidlərimizi və gələcəyə baxışımızı əks etdirir.

    Cavabla
    • Kamran Mehdiyev says:
      8 ay ago

      Bu yazıya nə deyəcəm ki, hər şeyi açıq aydın yazıb. Elə bil mənim ağlımdan keçənləri hamısını yazıb Zahid müəllim. Sadəcə bir şey çatmırdı, axı bayram günləri də olmalıdı təqvimdə, eləmi? Nəysə, hər halda oxumağa dəydi, təşəkkürlər.

      Cavabla
      • Vüqar Qasımov says:
        8 ay ago

        Zahid müəllim, əla yazıb, təşəkkürlər! Həmişə fikirləşirdim ki, bizim bu qələbələr təkcə kağızda qalmasın, hamı yaddan çıxarmasın. İndi bildim ki, düz təqvimə salmaq lazımdır bu bayramları. Mən də elə deyirdim ki, bayram günləri olmalıdı təqvimdə. Möhtəşəm bir fikirdi.

        Cavabla
  2. Qənirə Vahabova says:
    8 ay ago

    Yazarın dediyi kimi, təqvimimiz həqiqətən də tariximizin əsas sütunlarıdır. Özellikle 2020-ci ildəki Qələbə təqviminə yeni bir ruh gətirib. Bu hadisələr millətimizin birliyini və gücünü göstərir. Qələbə təqvimi yaratmaq bizim üçün çox vacibdir, çünki bu, milli kimliyimizi gücləndirir.

    Cavabla
  3. Nicat Bədəlov says:
    8 ay ago

    Çox gözəl məqalədir, müəllif həqiqətən də önəmli bir mövzuya toxunub. Bu günləri düzgün qiymətləndirməyimiz çox vacibdir. Zəfər təqvimimiz olmalı, bu günləri heç vaxt unutmamalıyıq. Əla yazmısız!

    Cavabla
    • Aydan Qədirova says:
      8 ay ago

      Əla məqalədir, müəllif çox gözəl fikirlər səsləndirib. Mən də sizinlə tam razıyam, Zəfər təqvimi hər birimiz üçün çox önəmlidir. Bu tarixi günləri yaddaşımızda yaşatmalı, gələcək nəsillərə də çatdırmalıyıq. Milli kimliyimizi gücləndirən bu dəyərləri unutmamalıyıq.

      Cavabla
  4. Samirə Əhmədova says:
    8 ay ago

    Çox super yazılıb! Təqvimin nə qədər önəmli olduğunu gözəl izah edibsiz, təqvimmizə zəfərlərin yaraşdığını göstəribsiz. Qələbə təqviminin xalqın yaddaşında necə yer etdiyini anlamaq çətin deyil. Bu mövzuda daha çox yazı oxumaq istərdim.

    Cavabla
    • Aytən Məmmədova says:
      8 ay ago

      Əslində təqvim məsələsinə belə dərin yanaşmaq ağlıma gəlməzdi. Yəni, müstəqillik, qurtuluş və zəfər günlərinin hamısı bir təqvimə yığıla bilər, amma bu qədər ətraflı izah olunması məni təəccübləndirdi. Belə bir mənalı təqvim yarada biləcəyimizi düşünməzdim.

      Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.