Yunanıstanın şimal-qərbindəki Konitsa bölgəsində 31 avqustda başlayan və sonradan nəzarət altına alınan meşə yanğını təxminən 8000 dekar əraziyə təsir edib.
Elchi.az xəbər verir ki, Yunanıstan mətbuatı Afina Milli Rəsədxanasının “FireHUB” sisteminin məlumatlarına istinadən bildirib ki, Konitsadakı Trapezitsa dağında baş verən yanğın 31 avqust – 8 sentyabr tarixləri arasında təxminən 8000 dekar əraziyə ziyan vurub.
Məlumatlarda qeyd olunub ki, hazırda söndürülmüş yanğın əsasən “Natura 2000” ərazisinə (Avropa İttifaqı daxilində təbii ətraf mühitin mühafizəsi şəbəkəsi) və Şimali Pindos Milli Parkının ciddi mühafizə olunan “Zona 2″sinə təsir göstərib.
Bölgənin çətin relyefi, sıx meşə örtüyü və məhdud yol şəbəkəsi səbəbindən yanğınla mübarizədə çətinliklər yaşandığı vurğulanan məlumatlarda, dağlıq ərazidə fəaliyyət göstərən yanğınsöndürənlərə helikopter vasitəsilə daşınan su çənlərinin çatdırıldığı qeyd edilib.
Bərpa prosesi 100 il çəkəcək
Məlumatlarda WWF Yunanıstanın Fəaliyyət Koordinatoru İlias Tsiritisə istinadən bildirilib ki, yanğın nəticəsində ciddi ziyan görən küknar və qara şam meşələrinin təbii yolla bərpası 100 ildən çox vaxt apara bilər.
Tsiritis son illərdə yüksək dağlıq bölgələrdəki yanğınların daha geniş ərazilərə yayıldığına diqqət çəkib və bu cür yanğınlara qarşı daha tez müdaxilə edilməsinin vacibliyini vurğulayıb.
Şayəstə





















