Sentyabrın 5-dən etibarən Yunanıstanın Volos, Pilio, Larisa, Trikala və Kardiça kimi əyalətləri başda olmaqla Tesaliya bölgəsini təsir edən şiddətli yağış və sel nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib.
Elchi.az xəbər verir ki, Yunanıstanın iqlim böhranı və mülki müdafiə naziri Vassilis Kikilias verdiyi açıqlamada, xüsusilə Pinio çayının daşması nəticəsində bir çox kəndin su altında qaldığını bildirib. Kikilias bildirib ki, daşqın şəraiti daha da pisləşə bilər və ehtiyatlı olmaq lazımdır.
Çərşənbə axşamı günündən bu yana daşqınlar nəticəsində ölənlərin sayının 10-a yüksəldiyini açıqlayan Kikilias, 4 nəfərin hələ də itkin düşdüyünü bildirib. Kikilias qeyd edib ki, bölgədə axtarış-xilasetmə işləri aparmaq, kəndlərdə qapalı qalanlara ərzaq və su paylamaq üçün 20 helikopter fəaliyyət göstərir.
Ehtiyat tədbiri olaraq bir çox kəndlər boşaldılıb.
Silahlı Qüvvələrin iştirakı ilə aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 2 minə yaxın insan bölgədən xilas edilib. Pinio çayının daşması nəticəsində bölgədə suyun hündürlüyü 9 metrə çatıb. Bölgənin bir çox kəndi sel təhlükəsinə qarşı tədbir olaraq boşaldılıb.
Fəlakətlərin idarə edilməsi və geologiya üzrə mütəxəssis prof. Doktor Efthimios Lekkas Yunanıstanın dövlət televiziyası ERT-yə verdiyi açıqlamada, daşqının ölkədə kənd təsərrüfatı istehsalına vurduğu zərərin 1 milyard avronu keçə biləcəyini qeyd edib. Lekkas qeyd edib ki, çoxlu su basan evlər qəzalı vəziyyətə düşüb.
Daşqınlar nəticəsində Volosun su təchizatı və kanalizasiya sisteminə böyük ziyan dəydiyi üçün içməli su çatışmazlığı yaranıb.
Nuranə Məmmədova