Yunanıstandakı müxalifət partiyaları hökumətdən İspaniya, İrlandiya və Norveç kimi Fələstin dövlətini tanımağa qərar verməsini tələb ediblər.
Elchi.az xəbər verir ki, Yunanıstanda əsas müxalif Radikal Sol Alyansın (SYRIZA) yaydığı bəyanatda Fələstinin iki dövlətli həll yolunun dəstəkləndiyi və hökumətin bu mövzuda təşəbbüs göstərməyə çağırıldığı bildirilib.
“Biz Yunanıstan hökumətinin bu məsələdə təşəbbüs göstərməsi üçün mübarizə aparırıq”. Açıqlamada, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olacağı və xalqın sülh içində yaşaya biləcəyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları və 1967-ci il sərhədləri əsasında iki dövlətli həll yolunu dəstəklədikləri qeyd edilib.
Panhellenik Sosialist Hərəkatının (PASOK) parlament nümayəndəsi Dimitris Mancos parlamentdəki çıxışında Yunanıstanın Fələstin dövlətini tanımalı olduğunu vurğulayıb. Mankos bildirib ki, bölgədəki qarışıqlığın qarşısını ancaq BMT-nin qərarı ilə Fələstin dövləti qurmaqla almaq olar.
Yunanıstan Kommunist Partiyası (KKE) isə Fələstin dövlətini tanıması üçün hökumətə təzyiq edərək, Xarici İşlər Naziri Yorgos Yerapetritisə parlament sualı təqdim edib. Təklifdə “Hökumət 1967-ci il sərhədləri daxilində və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin tanınması ilə bağlı nə etməyi planlaşdırır?” sualı verilib.
Şayəstə Hüseynova