Yaponiyaya gətirilən xammal və ərzaq məhsulları qiymətlərinin qəfil artması ölkədəki kiçik və orta şirkətlərin rekord sayda müflisləşməsinə səbəb olub.
Elchi.az xəbər verir ki, bu barədə “Nikei Shinbun” qəzetində qeyd olunub.
2022-ci maliyyə ilində Yaponiyada 463 şirkət müflis olub. Bu, cəmi 136 iflasın olduğu 2021-ci maliyyə ilindən 3,4 dəfə çoxdur. Təkcə mart ayında 67 şirkət müflis olub ki, bu da bir ay ərzində rekord göstəricidir.
Qəzetin sorğuladığı ekspertlərin fikrincə, artan müflisləşmə təhlükəsi yapon muzdlu işçilərin əsas hissəsinin işlədiyi kiçik və orta şirkətlərdə maaşların artırılmasına imkan vermir. Bu səbəbdən istehlak tələbi genişlənə bilmir və iqtisadi artımı əhəmiyyətli dərəcədə ləngidir. Yaponiyada istehlak tələbi isə ölkənin ümumi daxili məhsulunun təxminən 60 faizini təşkil edir.
Maraqlıdır ki, Yaponiyada əmək haqqı artımı 3,69 faizə çatıb ki, bu da son üç onilliyin ən yüksək səviyyəsidir. Bununla belə, maaşların artırılması, demək olar ki, kiçik və orta biznes sektoruna aid deyil və tamamilə iri şirkətlərin işçiləri ilə bağlıdır.
Yeganə