YAP rəsmisi: “USAID ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcək” AÇIQLAMA

🗓 15.07.2014 08:11 ✍️ "Elçi" qəzeti
YAP rəsmisi: “USAID ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcək” AÇIQLAMA
YAP rəsmisi: “USAID ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcək” AÇIQLAMA “Bu gün Azərbaycan cəmiyyəti çox ayıq-sayıqdır. Bu mənada hesab edirəm ki, onlar ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcəklər”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsinə münasibət bildirərkən deyib. YAP rəsmisinin sözlərinə görə, Azərbaycanda qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir və onların da kifayət qədər vəsaitləri var: "Beləcə, həmin şura normal layihələrini təqdim edən QHT-lərə böyük dəstək olur. Burada yüzlərlə QHT-lər bu layihələrdə iştirak edir, onun qalibi olaraq qrantlar alır. Bu gün ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatların, QHT-lərin maliyyələşdirilməsi üçün heç bir problem yoxdur. Digər tərəfdən ölkəmizin maliyyə və bank sistemi çox mükəmməl şəkildə fəaliyyət göstərir. Ölkəmizdə valyuta və digər əməliyyatlar şəffaf şəkildə həyata keçirilir. Əgər bu gün hər hansı bir QHT-yə gizli yolla qrantlar verilirsə, bu zaman ortalığa maraqlı məqamlar çıxır. Əslində qrantların verilməsində heç bir gizlilik olmamalıdır, əksinə bu proses açıq şəkildə həyata keçirilməlidir. Buradan görünür ki, onların məqsədi tamam başqadır. Bununla belə, bu gün Azərbaycan mediasında çox böyük şəffaflıq mövcuddur və imkanlar var. Əgər Azərbaycanda internetlə bağlı heç bir problem yoxdursa və internet azadlığı mövcuddursa, bu zaman biz nədən danışa bilərik? Eləcə də digər qəzet, radio, televiziyanı və s. buna nümunə olaraq göstərə bilərik. Onlar sadəcə olaraq qrantlar ayırmaqla Azərbaycan dövlətçiliyinə hansı bir mövqedənsə kölgə salmağa çalışırlar. Həmin insanlar öz əlaltıları vasitəsilə ölkəmizin siyasi arenasında bir çaxnaşma yaratmaq istəyirlər. Bu gün Azərbaycan cəmiyyəti çox ayıq-sayıqdır. Bu mənada hesab edirəm ki, onlar ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcəklər. Bununla belə həmin qrant layihələrinin gizli şəkildə verilməsi heç bir məntiqə sığmır”.
Ceyhun Rasimoğlu

Bənzər yazılar