“ABŞ Rəşt-Astara dəmir yolunun yeni hissəsindən çox narahatdır, çünki ikitərəfli layihə İran və Rusiyaya sanksiyalardan yayınmağa kömək edəcək”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel söyləyib.
Dövlət Departamenti belə bir ssenarinin qarşısını almaq üçün konkret addımlar atacağına söz verib. Rəşt-Astara dəmir yolu uzunluğu 7,2 min kilometr olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir. Magistral yol şimalda Sankt-Peterburqla cənubda Hindistanın Mumbay limanını birləşdirir. Rusiya Federasiyası layihənin benefisiarlarından biridir. Belə ki, dəhliz Rusiyanın Cənubi Qafqaz, Xəzər regionu, İran, Cənubi Asiya və Fars körfəzi ölkələri ilə xarici ticarətinin həcmini artıracaq.
Avrasiya İnkişaf Bankı qeyd edib ki, Şimal-Cənub ideyasının həyata keçirilməsi üçün ümumi dəyəri 38,2 milyard dollar olan 100-ə yaxın layihənin həyata keçirilməsi zəruridir. Rusiyada cari və planlaşdırılan layihələrin təxmini dəyəri ötən ilin payızına 12,87 milyard dollar təşkil edib. Rəşt-Astara yolunun tikintisinin dəyəri 1,6 milyard dollardır, bunun da 1,3 milyard dolları geri qaytarılan dövlətlərarası kreditdir ki, bu da Rusiya tərəfindən verilir.
Yeganə