Avropa İttifaqı (Aİ) Şurası “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya təxminən üç milyard avro dəyərində növbəti tranşın ayrılmasını təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə qurumun veb-saytında dərc olunan mətbuat açıqlamasında məlumat verilib.
Açıqlamada qeyd olunur ki, “Ukraine Facility” çərçivəsində ayrılan vəsait Ukraynanın makro-maliyyə sabitliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatının bərpası və modernləşdirilməsinə, dövlət idarəçiliyinin fəaliyyətinin təmin edilməsinə və ölkənin islahat səylərinin dəstəklənməsinə yönəlib.
Avropa İttifaqı Şurası həmçinin “Ukrayna Mexanizmi” (Ukraine Facility) planına dəyişiklik edərək, Norveçin Kiyevə qrant qismində bir milyard Norveç kronu (təxminən 92 milyon avro) məbləğində könüllü töhfəsini də bura daxil edib.
Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra elan etmişdi ki, Aİ Ukraynaya dron və raketlərin, o cümlədən Amerika istehsalı olan “Patriot” sistemləri üçün nəzərdə tutulan raketlərin alınması məqsədilə 3,3 milyard avro vəsait ayıracaq.
Yeganə





















