ABŞ, Ukrayna və Avropa ölkələri gələcəkdə Moskva ilə Kiyev arasında bağlanacaq istənilən sülh sazişinə dəstək üçün çoxsəviyyəli planı razılaşdırıblar.
Elchi.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton və Avropa dövlətləri Rusiya tərəfinin sazişi “mütəmadi şəkildə pozacağı” təqdirdə “koordinasiyalı hərbi cavab” vermək barədə razılığa gəliblər. İlkin mərhələdə cavab tədbirləri diplomatik xəbərdarlıq və Ukrayna Silahlı Qüvvələrinin (USQ) addımlarını əhatə edəcək. Bu tədbirlərin sazişin pozulmasından sonra 24 saat ərzində görülməsi nəzərdə tutulur.
Əgər döyüş əməliyyatları davam edərsə, prosesə “istəkli ölkələr koalisiyası” qoşulacaq. Eskalasiyanın genişmiqyaslı hücuma çevrilməsi kollektiv Qərb tərəfindən dəstəklənən qüvvələrin fəallaşmasına gətirib çıxaracaq. Bu çərçivədə ABŞ hərbi qüvvələrinin də cəlb edilməsi planlaşdırılır. Qərb qüvvələrinin atəşkəsin ilk pozulmasından təxminən 72 saat sonra işə salınacağı gözlənilir.
Məryəm





















