Ərdoğanın özünü ərəb xəlifəsi kimi aparması Avropa Parlamentinin məlum qətnaməsinin qəbuluna yol açdı”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibə verib. Elchi.az həmin müsahibəni təqdim edirik:
– Dünyanın Türklərə qarşı bu qədər soğan yanığı Sizcə nədən qaynaqlanır?
– Səmimi şəkildə deyim ki, bu cür sərt münasibət Ərdoğanın yürütdüyü yanlış siyasətlə əlaqələdir. Həm də Türkiyənin müsəlman ölkəsi olması və əhalisinin sayının çox olması da bu münasibətin formalaşmasında az rol oynamır. Türkiyə 5-6 milyonluq bir müsəlman ölkəsi olsaydı, bəlkə də çoxdan Avropa Birliyinə də qəbul etmişdilər. Amma görürsünüz ki, Türkiyə onilliklərdi ki, Avropa Birliyinə can atır, amma onu heç bu qurumun kandarına da yaxın buraxmırlar. Gəlin razılaşaq ki, Qərb dünyası əvvəllər Türkiyənin üzərinə də indiki kimi getmirdi. Bu hücumun səbəbi də ondan ibarətdir ki, sovetlər birliyi dağılandan sonra Qərb artıq Rusiyanı öz təhlükəsizliyi üçün təhdidedici amil və ya ciddi rəqib kimi görmədi. Ona görə də Türkiyənin artıq bir NATO ölkəsi kimi Qərb üçün önəmi xeyli azaldı. Çünki sovetlərin mövcud olduğu illərdə hər zaman Türkiyə NATO üçün regionda bir qalxan rolunu oynayıb və Qərb üçün bu önəminə görə vazkeçilməz ölkə statusunda olub. Sovetlərin çöküşündən sonra isə Türkiyənin Qərb üçün əhəmiyyəti xeyli azalmağa başladı. Amma elə ki, Ərdoğan iqtidarı Qərbdə qıcıq yaradacaq siyasətə başladı, o zaman əks cinahda antiislam, antitürk hisləri daha qabarıq formada büruzə verməyə başladı. Amma əvvəllər bu hisləri Qərbin nəhəng gücləri öz maraqları naminə ustalıqla boğurdular. Sizə adi bir misal çəkim. Bu gün qondarma erməni soyqırımı iddiaları kal armud kimi Türkiyənin boğazında qalıb. Halbuki 40-50 il bundan qabaq həmin 1915-ci il hadisələrinin minlərlə, on minlərlə canlı şahidi vardı ki, onların diliylə əsl həqiqəti asanlıqla üzə çıxarmaq olardı. Əgər Qərb istəsəydi hətta Türkiyəyə qarşı bir Nürnberq məhkəməsi kimi məhkəmə də qura bilərdi, həqiqətən həmin dövrdə orada genosid olduğuna rəsmi hüquqi don geyindirə bilərdilər. Bunun özü də elə Avropanın o ikiüzlü və riyakar siyasətinin bir sübutudur ki, şahidlərin sağ olduğu dönəmdə niyə bunu etmirdiniz, Türkiyənin üstünə getmirdiniz? Onda da Avropada çoxpartiyalı sistem vardı, demokratiya və insan haqları prioritet idi, dövlət və hökumət başçıları azad və şəffaf seçkilərlə seçilirdi. Yəni o dövrdə bu soyqırımın doğrudan da olub-olmamasını üzə çıxarmaq üçün bütün imkanlar vardı. Amma bunu etmədilər. Çünki bilirdilər ki, belə bir soyqırım olmayıb və digər tərəfdən Türkiyə onlar üçün təhlükə mənbəyi deyildi, əksinə, Sovetlərə qarşı əla sipər rolunu oynayırdı. Amma indi elə ki, Ərdoğan iqtidarı onların səbr kasasını daşdırdı, açıq şəkildə Türkiyənin üstünə gəlməyə başladılar. Bilirsiniz ki, Avropa Birliyi Bolqarıstandan tələb etdi və Sofiya “Cənub axını” layihəsini dayandırdığını bəyan etməyə məcbur oldu. Bundan sonra isə Putin Türkiyəyə səfər etdi və həmin kəmərin Türkiyədən çəkilməsi istiqamətində razılıq əldə olundu. Bu da sözsüz ki, Avropa Birliyini qıcıqlandırmaya bilməzdi. Putinin də Avropanın və Amerikanın ünvanına sərt ritorikalı çıxışları, ittihamları da öz mənfi rolunu oynadı. Yəni Ərdoğan iqtidarının bu sahədə oynadığı yanlış siyasətin acı nəticələri ortadadır. Ona görə də düşünürəm ki, burada Türkiyəyə qarşı həmin addımı atmaları üçün səbəblər toplusu vardı. Rusiya ilə yaxınlıq azmış kimi Ərdoğanın bir çox hallarda özünü ərəb xəlifəsi kimi aparması bu gün Avropa Parlamentinin məlum qətnaməsinin qəbuluna yol açdı.
– Bəlkə Ərdoğanın yanlış siyasətiylə paralel Türkiyənin bu gün Yaxın Şərqdə söz sahibinə çevrilməkdə olması da Qərbi qıcıqlandıran amillər sırasındadır?
– Mən hesab etmirəm ki, Türkiyə Yaxın Şərqdə söz sahibidir. Əksinə, Türkiyənin məhz buna can atması qarşı tərəfdə qıcıq doğuran faktorlardan biridir. “Ərəb baharı” dövründə Türkiyənin atdığı bəzi yanlış addımlar ona gətirib çıxardı ki, Misirlə münasibətlər demək olar ki, kökündən korlandı, Suriyada qan su yerinə axır, İraq məsələsində Türkiyənin heç bir təsir imkanı olmadığı üzə çıxdı. Hətta Türkiyə İraq türkmənlərini belə, layiqincə müdafiə edə bilmədi, buna imkanı çatmadı. Belə olduğu halda onun Yaxın Şərqdə hansı söz sahibinə çevrilməsindən danışmaq olar? Əksinə, Türkiyənin bu cür addımı bəzi ərəb dövlətlərini də qorxutdu. Hətta ərəblərin sanki Osmanlı İmperiyası dönəmindəki yaddaşlarını da oyatmış oldu.
– Qüdrət bəy, Rusiyaya yönəlik açıqlamalarınız zaman-zaman cəmiyyətydə birmənalı qarşılanmadı, hətta sizi ittiham edənlər də tapıldı. Doğrudanmı hər zaman Moskva ilə yaxşı münasibətlər qurmağa nail olan, hətta səmimi şəxsi əlaqələr strateji müttəfiqlik statusunu üstələyən ata-bala Əliyevlər bu günədək Kreml rəhbərləri ilə oturub açıq söhbət etməyiblərmi? Yəni bu gün Rusiyanın Azərbaycandan nə istədiyi aşağı-yuxarı hər kəsə bəlli deyilmi?
– Bilirsiniz, ikitərəfli şəxsi münasibətlərin dostluq səviyyəsində olması hələ hər şey demək deyil. Dövlət maraqları tamamilə başqa məsələdir və əgər Azərbaycan tərəfi indiyə qədər dostluq münasibətlərini inkişaf etdirməklə Rusiyanın mövqeyini dəyişəcəyini düşünübsə, sözsüz ki, bu, yanlış siyasət olub və özünü doğrultmayıb, doğrultmayacaq da. Yəni Putinlə dostluğa güvənərək Qarabağ məsələsində Rusiyanın Azərbaycanı dəstəkləyəcəyini gözləmək yanlışdır. Söhbət ondan gedir ki, mən hər zaman torpaqlarımızı Rusiyanın işğal etdiyini deyirəm. Yəni bu işğalın arxasında Rusiya dayanıb. Ona görə də əsas güc sahibi ilə danışıqlar aparmaq lazımdır. Ermənistan kimi bir kukla rejimlə danışıqlar nə verə bilər? 1999-cu ildə Ermənistan parlamentinin gülləboran edilməsi nə tez yaddan çıxdı? Yəni o vaxt Rusiya Azərbaycanla aparılan gizli danışıqlardan xəbər tutaraq həm parlamentin spikeri Dəmirçiyanı, həm baş nazir Vazgen Sərkisyanı günün günorta çağı hamının gözü qarşısında edam etdilər. Deməyim odur ki, sabah indiki prezident Sərkisyan da durub desə ki, Azərbaycanın şərtləriylə razılaşmaqdan başqa yol qalmayıb, həmin gecə onu da eyni üsulla həyasızcasına aradan götürəcəklər. Yəni onu öldürüb yerinə başqa bir hərbi səhra komandirini gətirəcəklər. Ona görə də Rusiya ilə bu məsələ oturub anlaşılmasa, bu problemin həlli mümkün olmayacaq. Unutmaq olmaz ki, Qərb də erməniləri dəstəkləyir və işğalçıya simpatiyasını gizlətmir. Papanın verdiyi son açıqlamanı da gördünüz. Bu baxımdan hesab edirəm ki, Qərbdən də dəstək gözləmək çox gülüncdür. Qərb heç vaxt Ermənistandan işğal etdiyi torpaqları boşaltmağı tələb etməyəcək.
– Heç şübhə yoxdur ki, elə Sizin də dediyiniz kimi vaxtilə Heydər Əliyev, indi də İlham Əliyev Putinlə bağlı qapılar arxasında bu barədə danışıblar. Çox güman ki, şərtlərin qəbuledilməz olması səbəbindən onu açıb-ağartmayıblar…
– Şəxsən mən bilmirəm həmin şərtlərin nədən ibarət olduğunu. Yaxşı olar ki, həmin şərtlər barədə Azərbaycan ictimaiyyətinə dəqiq məlumat verilsin.
– Qəbuledilməz olsa da?
-Lap elə qəbuledilməz şərtləri də ictimaiyyətə çatdırmaq lazımdır. Axı indiki vəziyyətdə də illər keçir, Qarabağ problemi isə öz həllini tapmır.
– Çox ehtimal ki, əsas şərtlər Avrasiya İttifaqına qoşulmaq və Azərbaycan ərazisində yenidən rus hərbi bazalarının yaradılmasıdır…
– Ola bilsin bunlar bizim gedə biləcəyimiz güzəştlərdir ki, elan edirik. Axı biz bilmirik əslində Rusyanın istədiyi nədir? Məsələn, mənim bildiyimə görə Jirinovski Azərbaycana gələndə belə bir fikir işlədib ki, Rusiya o vaxt Dağlıq Qarabağ məsələsində Ermənistana lazımı təzyiqi edər ki, gərək Azərbaycan sərhədləri rus əsgərləriylə birgə qorunsun. Mən hesab edirəm ki, bu da suverenliyin itirilməsidir. Yəni bu qəbuledilməz şərtdir. Amma biz hələ bimirik ki, Jirinovski nə dərəcədə Rusiyanın rəsmi mövqeyini dilə gətirir? Amma hər halda ictimaiyyətə məlumat verilməlidir ki, Qarabağın azadlığı üçün hansı güzəştlər tələb olunur və nələrdən keçməyimiz təklif olunur. Bilirsiniz, biz hətta Ermənistana ən qəbuledilməz güzəştlərə getsək də Rusiya bu məsələdə sülhün olmasını istəməsə, o bu razılaşmaya imkan verməyəcək. Ona görə də hesab edirəm ki, Rusiyanın nə istədiyi açıqca deyilməlidir və bundan sonra millət torpaqları işğaldan azad etmək üçün öz qərarını verməlidir. Bilirsiniz ki, Azərbaycan 1994-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil oldu, təəssüf ki, 5 il sonra, 1999-cu ildə biz o müqavilənin müddətini uzatmadıq və ordan çıxdıq. Əvəzində GUAM yaratdıq. Əslində bu qurum Amerikanın növbəti avantürası idi. Necə ki, Ukrayna avantüraya getdi, Avropa Birliyi ilə assosativ saziş imzalamasına görə torpaqlarının böyük bir qismi Rusiya tərəfindən əlindən alındı. Ona görə də biz hələ o vaxtdan çalışmalıydıq ki, ən azı Ermənistan qədər Rusiyaya yaxın olaq. Yəni atəşkəs pozulacağı təqdirdə heç olmasa bizimlə bərabər məsafədə olsun. Amma tutaq ki, o indi bir bəhanə tapıb Dağlıq Qarabağ istiqamətində deyil, Qazax bölgəsində sərhəddə atəşkəsi pozaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistana açıq şəkildə dəstək verə bilər. Amma münaqişədə olan hər iki dövlət bu qurumun üzvü olsaydı, Rusiyanın bu bəhanəsi kəsilmiş olardı. Ola bilsin ki, əl altdan kömək edəcəkdi, amma açıq şəkildə bu addımı atmağa cürət etməzdi. Bəzən deyirlər ki, biz müstəqilik və müstəqil siyasət yürüdürük, amma biz həmin qurumun üzvü olan Qazaxıstandan müstəqil olub bu dövlətdən fərqli hansı uğurlara imza atdıq ki? Yaxud olsun elə Belarusun özü. Mən heç Ermənistanı demirəm. Təsəvvür edin ki, onlar həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, həm də Avropa Birliyi ilə elə bizim qədər əməkdaşlıq edirlər. Biz Avropanın ermənilərə münasibətini elə soyqırım məsələsində aydın gördük. Ermənistan hətta BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünə səs verməyən 11 dövlətdən biri oldu. Mən bunu NATO Parlament Assambleyasında da qaldırdım ki, necə olur siz belə bir dövlətə qarşı nəinki sanksiya tətbiq etmirsiniz, hətta hər hansı bir irad da bildirmək istəmirsiniz? Sualıma cavab verən tapılmadı, elə bil qurbağa gölünə daş atdılar. Hətta nə qədər acınacaqlı olsa Ukrayna nümayəndə heyəti belə, bizi dəstəkləməyə ürək eləmədi ki, Ermənistanın əleyhinə nəsə bir söz demələri avropalılara birdən xoş gəlməz.
– Bəlkə elə Türkiyə ilə Avrasiya ittifaqına birgə gedək? Qazaxıstanın prezidenti də belə bir təklif edib və Türkiyəni bu quruma dəvət edib…
– Elə bunun üçün deyirəm ki, bəzən tarixi şəxsiyyətlərin gücü onda olur ki, onlar kritik məqamlarda qeyri-adi qərarlar qəbul edirlər. Yəni yüzlərlə dövlət başçısı var. Amma onların yalnız barmaqla sayılan hissəsi böhran dövründə kimsənin gözləmədiyi ciddi qərarlar qəbul edən bir şəxsiyyət, milli lider kimi tarixə düşür. Ərdoğanda da xarizmatik liderə xas bəzi keyfiyyətlər var. Amma düşünmürəm ki, onda o səviyyədə cəsarət olsun belə bir tarixi qərar qəbul etsin. Amma belə bir qərar qəbul etmiş olsa, tam əminliklə söyləyirəm ki, bu təkcə Türkiyənin deyil, bütün türk dünyasının maraqlarına cavab verən son dərəcə fundamental bir addım olardı. Vaxtilə mən söyləyirdim ki, Türk-Slavyan Respublikaları İttifaqı yaransın. Yəni Türkiyə türk respublikalarına bu yolla yaxınlaşsın. Təsəvvür edin ki, əgər Ankara belə bir qərar qəbul edə bilsə, həmin ittifaq daxilindəki bütün türk respublikaları özünü rahat hiss edər. Bu gün Avrasiya İttifaqında bircə qütb var, o da Moskvadır, ona görə də o biri respublikalar, o cümlədən Azərbaycan da qorxur həmin ittifaqa daxil olmağa. Amma Türkiyə o ittifaqa daxil olsa, ikiqütblü təşkilat olacaq. Mən İranın da bu ittifaqa daxil olmasını mümkün hesab edirəm. Bu zaman ən azından biz cənublu qardaşlarımızla da bir ittifaqda olarıq. Mən əminəm ki, bu ittifaq baş tutsa Gürcüstan da böyük məmnuniyyətlə bu ittifaqın tərkibinə daxil olacaq. Bu zaman Avropa İttifaqına alternativ olan Avro-Asiya İttifaqı bölgədə yeni bir balans yarada bilər. Əhalisinin də sayı təqribən elə Avropa İttifaqı ölkələrindəki 450 milyon əhali qədər olacaq. Yəni Rusiya, Türkiyə, İran və digər türk respublikalarının birlikdə ən azı 350 milyon əhalisi var. Həm də iqtisadi güc baxımından bir balans olacaq. Ona görə deyirəm ki, tarixi qərarlar qəbul edə bilən dövlət başçılarından çox şey asılıdır. Azərbaycan da çalışmalıdır ki, Qazaxıstanla birlikdə bu ittifaq baş tutsun. Bilirsiniz ki, Nursultan Nazarbayev həqiqətən də müdrik bir dövlət başçısıdır. O da bu təklifi verməklə bilir onun əhəmiyyətini. Əksinə, mən qorxuram ki, Rusiya belə bir ittifaqın baş tutmasına əngəllər törədə. Çünki Rusiya ehtiyatlanar ki, bu ittifaqda əslində türk dövlətləırinin böyük bir balansı yaranır. Azərbaycan da Türkiyəni inandırmalıdır ki, gəlin elə ikimiz də birlikdə bu ittifaqa daxil olaq.
– NATO üzvlüyü Türkiyənin belə bir ittifaqda mövcudluğunu mümkün edirmi?
– Bu ittifaqda olandan sonra Türkiyənin NATO-da olması artıq əhəmiyyətini itirir. NATO üçün ən böyük təhlükə SSRİ-dən idi. Əgər NATO Türkiyədən iki yoldan birini seçməyi tələb etsə, o zaman Ankara tərəddüd etmədən NATO-dan çıxsın. Avrasiya İttifaqının tərkibində də nüvə dövləti var və Rusiya yeni müttəfiqi kimi bu dəfə Türkiyənin də təhlükəsizliyinə qarant olacaq. Türkiyə anlamalıdır ki, heç zaman onu Avropa İttifaqına buraxmayacaqlar. O ki, qaldı Azərbaycana, bizi Avropa Birliyinə dəvət etmələrinə baxmayın, Azərbaycanda isə bunu söyləyən adamların özləri də qəlblərində bunun nə qədər təhlükəli addım olduğunu bilməmiş deyillər. Xüsusən də Ukrayna hadisələrindən sonra bunu söyləmək ən böyük siyasi korluqdur. Ukrayna assosativ saziş imzaladı və başına gələnlər ortadadır. Bəzi qüvvələr Azərbaycanın Riqa sammitində assosativ sazişi imzalamasını təklif edirlər, amma onlar bilirlər ki, prezident bunu etməz. Amma bunu ona görə təklif edirlər ki, biz avropalılara bunu dedik. Amma bilsələr ki, prezident gedib həqiqətən də belə bir sazişi imzalayar, bəlkə də həmin Milli Şuranın içərisindəki vətənpərvər insanlar özləri gəlib yalvararlar ki, ay kişi, biz bir qələtdi edib təklif vermişik, nəyi imzalayırsınız siz? Amma fikirləşirlər ki, prezident onsuz da imzalamayacaq, qoy elə biz bunu deyək, avropalılardan qrantdan-zaddan alaq. Amma sözümün əvvəlinə qayıdıram, Türkiyə bunu bilməlidir ki, nə ərəb dövlətləri istiqamətində bir nüfuz sahibinə çevrilmək imkanı yoxdur, ona görə ki, həmin region ölkələrini əsrlərlə əsarətdə saxlayıb və o coğrafiyadakı insanlar Osmanlı İmperiyasının xofunu heç zaman unutmayıblar. Ona görə də Türkiyə üzünü digər tərəfə – Şərqə çevirməlidir. Avrasiya İttifaqı da birinci gündən özünü Avropa Birliyinə rəqib görməməlidir. Əksinə, hər iki ittifaq əməkdaşlıq üçün maksimum çalışmalıdır. Bəlkə də ayrı-ayrı dövlətlərin Avropa Birliyi ilə inteqrasiyası daha çətin olar, amma iki ittifaqın münasibətləri nizama düşsə, bu proses daha asan baş verər. Bu isə Avrasiya məkanında sülhə və təhlükəsizliyə böyük kömək göstərmiş olar. Təbii, indi dediklərimi çoxları hal-hazırda utopik bir ideya kimi qəbul edə bilərlər. Amma Nazarbayev kifayət qədər ağıllı adamdır. O belə bir təklifi veribsə, bütün bunları görür. Amma dediyim kimi Ərdoğanın qorxaq siyasəti Türkiyənin öz potensialından istifadə etməsinə imkan vermir. Yeni osmançılıq əslində bütün mənfi sterotiplərin yenidən qabardılması oldu. Yəni Əhməd Davudoğlunun gündəmə gətirdiyi yeni osmançılıq ideyasından Qərb mətbuatı məharətlə istifadə edərək ərəb dünyasında Osmanlı xofu yaradaraq Türkiyənin təklənməsinə nail oldu. Amma yenə deyirəm, hər şey Ərdoğandan asılıdır. Nəzərə almaq lazımdır ki, Türkiyənin öz içində də Amerikanın çoxlu adamları var. Avropa Birliyinə bağlı kəsim də çoxdur, onlar bütün gücləriylə buna qarşı çıxmağa çalışacaqlar. Ona görə də Atatürk kimi bir lider lazımdır ki, gözlənilməız qərar versin. Vaxitlə Atatürk məcburən Leninlə yaxınlaşmaqla Türkiyəni bir çox fəlakətlərdən xilas edə bildi. Bu gün ikinci bir Atatürk lazımdır ki, yenidən Rusiya ilə yaxınlaşmaqla bölgədə sülhə, firəvanlığa, inkişafa yol aça bilsin. Türkiyə öz Atatürkünü gözləyir.