Türkiyənin ən böyük su anbarı istifadəyə verildi

40

Türkiyənin Artvin bölgəsində yeni inşa edilmiş, böyüklüyünə görə ölkədə birinci, dünyada beşinci yerdə olan “Yusifəli” su anbarı və su elektrik stansiyasının (SES) açılışı olub.
Elchi.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan SES hövzəsində su toplanmasına başlanması, eləcə də yeni yaşayış yerləri də daxil olmaqla digər təsisatların istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimin açılışında çıxış edib.
Çıxışında Türkiyənin bütün sahələr üzrə çoxşaxəli inkişafda olduğunu diqqətə çatdıran dövlət başçısı əminliklə bildirib ki, ölkə üzrə yeni-yeni infrastrukturların təsis edilməsi bundan sonra da dinamik şəkildə davam edəcək.
Qeyd edək ki, “Yusifəli” SES-in bəndinin qövsvari uzunluğu 275 metrdir. 2018-ci il iyulun 11-də təməli atılan bəndin tikintisində ümumilikdə 4 milyon 61 min kubmetr beton işlədilib. Su anbarı çərçivəsində ümumilikdə 69,2 kilometr uzunluğunda yol çəkilib. Yolun üzərində 39 tunel və 19 körpü var. SES elektrik istehsalına başlayandan sonra ildə təxminən 4,1 milyard türk lirəsi gəlir gətirəcək. Bundan başqa ətraf bölgələrdə suvarma şəraiti yaxşılaşacaq. Ölkə üzrə istehsal olunan elektrik enerjisinin 2 faizi “Yusifəli” SES-in payına düşəcək. Ölkə ərazisindəki ən azı 2,5 milyon ev bu SES-dən paylanacaq elektrikdən bəhrələnəcək.