ABŞ-da fəaliyyət göstərən “Washington Post” qəzetinin məlumatına görə, İran Hörmüz boğazında hücumları artırmaqla ABŞ Prezidenti Donald Trampa təzyiqi gücləndirməyi hədəfləyir. İddia olunur ki, Tehran qlobal neft qiymətlərini qaldırmaqla Trampın siyasi mövqeyini zəiflətməyi və 3 noyabr seçkilərinə təsir göstərməyi planlaşdırır.
Elchi.az-ın məlumatına görə, öz mənbələrinə istinad edən “Washington Post” yazır ki, İran ticarət gəmilərinə hücumları intensivləşdirməklə ABŞ administrasiyasını çətin vəziyyətdə qoymaq niyyətindədir. Qəzetə danışan ərəb rəsmilərindən biri bildirib ki, Tehran rəhbərliyi ABŞ seçkiləri ilə “həddindən artıq məşğul” olub, sanki bu mövzuya “köklənib”.
Məlumatda qeyd olunur ki, ötən ay İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həftədə orta hesabla 30 gəmiyə hücum edib; nəticədə bir gəmi batıb, digərləri isə ziyan görüb.
Bölgədəki ABŞ obyektləri də hədəfə alınır
Hesabatda həmçinin bildirilir ki, İran münaqişənin daha da gərginləşəcəyi təqdirdə, bölgədəki ABŞ infrastrukturunu – o cümlədən məlumat mərkəzlərini, süni intellekt obyektlərini və sualtı kabel şəbəkələrini hədəf ala biləcəyinə dair siqnallar göndərir.
İran böhranı keçmişdə də ABŞ siyasətinə təsir göstərib
İranla bağlı böhranlar əvvəllər də Amerika siyasəti üçün ciddi nəticələrə səbəb olub. 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsi və amerikalıların girov götürülməsi hadisələri o vaxtkı prezident Cimmi Karterin siyasi gələcəyinə təsir edən əsas amillərdən idi. Nəticədə, Karter 1980-ci il prezident seçkilərində Ronald Reyqana məğlub oldu. “Washington Post”un hesabatındakı təhlillərə əsasən, İranın Hörmüz boğazı vasitəsilə göstərdiyi təzyiq təkcə regional təhlükəsizliyə deyil, həm də ABŞ-ın daxili siyasətinə təsir etmək məqsədi daşıya bilər.
Şayəstə





















