“Tıxacın nə qədər fəlakətli miqyas aldığını bu gün daha aydın hiss etdim.
Son dövrlərə qədər Bakı-Sumqayıt yolunda tıxac adətən səhər saat 7:30-dan sonra müşahidə edilirdi. Bu gün səhər saat 7-də evdən çıxanda artıq Abşeron Gənclər şəhərciyi adlanan ərazidə tıxacla qarşılaşdım”.
Elchi.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev FB hesabında paylaşım edib:
“Peşəkar mütəxəssislər problemin effektiv və sürətli həll yolu kimi ictimai nəqliyyatın effektiv təşklini təklif edirlər – xüsusən dəmir yolunun gücünün artırılmasını, tramvay və metro nəqliyyatının təşklini.
Amma çox sadə səbəbə görə bu problemin həllini tapacağına inanmıram – hazırda üzləşdiyimiz tıxac probleminin həll olunmaması nə kimsəni vəzifəsindən edəsi deyil, nə də kimsə bu problemə görə səs itirəsi deyil. Daha bir səbəb- qərar qəbul edənlərin heç biri bu problemdən əziyyət çəkmir.
Yeri gəlmişkən, hazırda Biləcəri-Xırdalan istiqamətində yeni şəhərciklər tikilir və yaxın zamanlarda məskunlaşmanın miqyası daha da artacaq. Yaxınlarınıza-doğmalarınıza dönə-dönə xəbərdarlıq edin ki, bu istiqamətdə mənzil alıb özlərini və övladlarını bu fəlakətin burulğanına atmasınlar…”.
Şayəstə