Azərbaycanda baş verən manat böhranı tikinti sektoruna da təsirsiz ötüşməyib. Yaxın günlərdə ev təmir etmək istəyən, tikintiyə başlayan insanlara bir qədər gözləmək məsləhətdir. Çünki dolların bahalaşması ölkəyə xaricdən gətirilən tikinti materiallarının qiymətini artırıb. Bir çox materialların qiymətində artıq bahalaşma müşahidə edilməkdədir.
Musavat.com-un əməkdaşı bu sektorda hazırki vəziyyəti öyrənmək üçün tikinti materialları satılan bir neçə bazara baş çəkib. “Səkkizinci kilometr” bazarının tikinti materialları satılan hissəsində demək olar ki, alıcı gözə dəymir. Satıcıların əsas müzakirə mövzusu isə dolların bahalaşmasının qiymətlərə necə təsir edəcəyidir.
Biz də bir neçə satıcıya yaxınlaşıb, hazırda qiymətlərin hansı səviyyədə olduğu ilə maraqlandıq. Qeyd edək ki, ən çox bahalaşma taxta-şalban məmulatlarında hiss olunur. Satıcılar deyirlər ki, əvvəllər taxtanın bir kubu 200-220 manata satılırdısa, indi 250 manata satılır. Taxta əsasən Rusiyadan gətirildiyi üçün dolların bahalaşması birbaşa qiymət artımına səbəb olub.
Tikinti materialları bazarında boyaların və divar kağızlarının qiymətində də artım var. Satıcılar deyirlər ki, ölkəyə boyalar əsasən xaricdən gətirilir, yerli istehsalçılar da xammalı xaricdən idxal edirlər. Bu səbəbdən də 25-30 faiz bahalaşma gözlənilir. Ancaq hələ ki, satıcıların çox az qismi qiymətləri artırıb. Onların sözlərinə görə, alıcılıq zəif olduğundan qiymət artımının heç bir mənası yoxdur.
Satıcılardan əldə etdiyimiz məlumata görə, dollar bahalaşdığı gündən etibarən yerli boya istehsalçıları olan “Best”, “Star” və digər firmalar məhsulların bazara çıxışını dayandırıblar. Və yeni qiymət siyasətini müəyyənləşdirdikdən sonra məhsulları bazara buraxacaqlar. Yeni qiymətlər də o zaman bəlli olacaq.
Divar kağızı satan Fikrət Həsənov bildirdi ki, son bir ayda alıcılıq zəif olsa da, indi ümumiyyətlə, bazara gələn yoxdur: “İnsanlar sadəcə malların qiyməti ilə maraqlanıb, gedirlər. Görünür, hamı gözləmə mövqeyi tutub. Ancaq getdikcə qiymətlər daha çox artacaq. Çünki indi dollar bahalaşmazdan əvvəl aldığımız malları satırıq. Yeni mallar gətirilsə, onların qiyməti də fərqli olacaq. Bu səbəbdən də, əksər tikinti şirkətləri gözləmə mövqeyi tutublar və tikintilər, fərdi evlərdəki təmir işləri dayandırılıb. Hamı bu proseslərin nəticəsini gözləyir”.
Satıcı onu da qeyd etdi ki, divar kağızları qiymətindən asılı olaraq, 2-10 manat arasında bahalaşıb. Belə ki, əvvəllər bir topu 25 manata satılan divar kağızları indi 32-35 manata satılır. Topu 8 manata satılan divar kağıları isə 10 manata təklif olunur. Divar kağızları əsasən, Ukraynadan gətirilir və dolların bahalaşması avtomatik olaraq, onların 30 faiz bahalaşması deməkdir.
Qeyd edək ki, elektrik avadanlıqlarının, santexnika ləvazimatlarının və xırdavatın qiymətində hələ ki, bahalaşma müşahidə olunmur. Çünki yeni gətirilən mallar bazara bir neçə gündən sonra gəlib, çıxacaq.
İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, ölkəyə gətirilən tikinti materiallarının böyük əksəriyyəti, əsasən də taxta-şalban məmulatları, təmir üçün istifadə olunan qatqılar, santexnika ləvazimatları xaricdən alındığından dolların bahalaşması onların qiymətinə də ciddi təsir göstərəcək: “Yerli istehsal olan tikinti materiallarının da qiymətində cüzi də olsa, artım gözlənilir. Çünki əksəriyyətinin xammalı xaricdən idxal olunur. Bu, ölkədə gedən tikinti prosesinə çox ciddi təsir göstərəcək. Ümumilikdə ərzaq qədər olmasa da, 20-25 faiz bahalaşma olacaq”.
Qiymət artımı əleyhinə görülən tədbirlərə gəlincə, N. Cəfərli bildirdi ki, hökumət qiymət artımının qarşısını almaq istəyirsə, bir sıra ciddi tədbirlər görməlidir: “Əvvəlcə, inhisarçılığı aradan qaldırmalıdır, bazarı açıq tutmalıdır, ölkəyə məhsul gətirənlərin sayı artmalıdır, gömrükdəki qanunsuzluqlar aradan qaldırılmalıdır. Bu addımlar atılarsa, hər hansı nəticə əldə etmək olar. Ancaq satıcılara qarşı inzibati tədbirlər görməklə bu problemləri həll etmək mümkün deyil”.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.