24 saat çəkən antiterror tədbirləri ordumuzun qüdrəti ilə yanaşı Prezident İlham Əliyevin prinsipial mövqeyi ilə yadda qaldı. Prezident müxtəlif çıxışlarında dəfələrlə qeyd etmişdi ki, Qarabağ mövzusu müzakirə predmeti ola bilməz, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və torpaqlarımızdan heç vaxt heç kimə güzəşt edilməyəcək. Bu mövqenin nəticəsi olaraq Azərbaycan 24 saat davam edən antiterror tədbirləri ilə dünyaya, erməni güc mərkəzlərinə və separatizmi himayə edən qüvvələrə öz gücünü göstərdi. Bütün bunların sonunda illərlə arzusu, xəyalı yaşadılan həmin tarixi an gerçəkləşdi. Azərbaycan bayrağının Xankəndidə ucaldılması mərasimini bütün dünya seyr etdi. Xankəndidə və digər tarixi şəhərlərimizdə üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının rəmzi oldu.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə heç vaxt unudulmayacaq tarixi prosesin mühüm səhifələrindən biri 2023-cü il oktyabrın 15-də yazıldı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Xankəndidə üçrəngli bayrağımızın dalğalanması xalqımızın uzun illər gözlədiyi arzunun gerçəkləşməsini nümayiş etdirdi. Noyabrın 8-də isə Xankəndidə Vətən müharibəsinin Zəfərinə həsr olunan hərbi parad keçirildi. Bu parad Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin nümayiş etdirildiyi tarixi hadisələrdən biri kimi yadda qaldı. Qarabağ Universitetinin yaradılması isə Zəfərin quruculuq mərhələsinin mühüm addımlarından oldu. Xankəndidə ali təhsil imkanlarının formalaşdırılması Qarabağın gələcəyinə yönələn yeni inkişaf mərhələsinin əsasını qoydu. Dövlət başçısının müvafiq sərəncamına əsasən hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü təntənəli şəkildə qeyd olunur. Bu şərəfli tarix 30 ildən artıq davam edən həsrətin sona çatdığı, Azərbaycanın həmin ərazilərdə suverenliyinin tam bərpa olunduğu və xalqımızın tarixi torpaqlarına qayıdışının yeni mərhələsinin başlandığı gün kimi heç vaxt yaddaşlardan silinməyəcək. İşğaldan sonra genişmiqyaslı quruculuq işləri ilə yanaşı keçmiş məcburi köçkünlərin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə daxil olmaqla doğma yurdlarına qayıdışı da sürətlə davam etdirilməyə başlanıldı. Ölkəmizin qüdrəti sayəsində soydaşlarımız doğma torpaqlarında təhlükəsiz və rahat həyata qovuşur, illərlə həsrətində olduqları yurdlarında yeni həyatlarını qururlar. Bu qayıdış Azərbaycanın iradəsinin, suverenliyinin və doğma torpaqlarda möhkəm dövlət varlığının ən aydın göstəricilərindən biridir.
Deputat sonda qeyd edib ki, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər tarixi yurd yerlərimizin düşmən tapdağından azad olunmasına məhz Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə nail olundu. Onun siyasi iradəsi, peşəkarlığı, diplomatik bacarığı, hərbi gücə əsaslanan strateji yanaşması və hadisələrə praqmatik baxışı Azərbaycanın tarixində heç vaxt silinməyəcək bir səhifənin yazılmasını təmin etdi. Bu səhifənin adı qəhrəmanlıqla Qarabağ zəfərinin tamamlanması, Azərbaycanın tarixə qalib dövlət kimi öz möhürünü vurmasıdır





















