Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Soçidə baş tutacaq görüşdə müzakirə ediləcək məsələlər, əldə olunacaq nəticələr və ən əsası sülh danışıqları istiqamətində müzakirələrin aparılması ölkəmizin ictimai-siyasi mühitinin əsas mövzusudur.
Elchi.az xəbər verir ki, Soçi görüşü ilə bağlı fikirlərini şəxsi Feysbuk hesabında bölüşən siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, indiki mərhələ Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin ilkin detallı demo variantının Rusiya və ABŞ üçün nələri vəd etdiyi üzərində fikirlərə fokuslanmaq zərurətini meydana çıxarır.
Ekspert qeyd edib ki, ən vacib məqam ABŞ-la Rusiyanın Cənubi Qafqazda didişdiyi platformada Azərbaycanın hansı nöqtədə dayanmasıdır:
“İstər Vaşinqtonun, istərsə də, Rusiyanın təqdim etdiyi sülh modelində Azərbaycanın xeyrinə məqamlar çoxdur, lakin elə hər iki supergücün Bakının maraqlarına uyğun olmayan təhlükəli tezisi də var.
Gedən proseslərin alt qatında gizlənənlər və dərinlikdəki mətləblərin bəzi aşkar təzahürlərini təhlil etsək, Bakının qarşı olduğu iki əsas xəttin önə çıxmasına köklənə bilərik.
Bunlardan biri episentri ABŞ olan təhlükədir, belə ki, ən çox Vaşinqton və onun Cənubi Qafqazla bağlı çağırışlarının yedəyinə qoşulan Fransa Qarabağdakı ermənilərə status istəyir ki, həmin meyl Azərbaycanın suverenlik və təhlükəsizliyi üçün təhdid elementidir.
Digər tərəfdən ABŞ Azərbaycanın Ermənistanla sərhəddən qoşunlarını geri çəkməkdə maraqlıdır, lakin bu, Bakı üçün prinsipial bir mövqe deyil.
Rusiya mərkəzli təhlükə isə Kremlin Qarabağda rus icması yaradıb onu şişirtməsi cəhdləridir, açığı zənnimcə, bu, Moskvanın regionda ordu saxlamasından da daha həyəcanlıdır.
Rusiyanın Ukraynadakı müharibədə düçar olduğu bir sıra uğursuzluqlar həmin meyli körükləyə bilər, hərçənd ki, Azərbaycanın masadakı və təhlükəsizlik mühitindəki qırmızı cizgiləri heç zaman aktuallığını itirməyəcək.
Azərbaycanla Rusiya arasında son günlər yüksək səviyyəli media platformalarındakı qarşılıqlı ittihamlar da həmin motivlərlə bağlı ola bilər, Moskva elə düşünür ki, Bakı ABŞ-ın təqdim etdiyi sülh modelinə üstünlük verir – status məsələsini çıxmaq şərtilə.
ABŞ-la Rusiyanı regionda kəllə-kəlləyə gətirən digər proses Azərbaycan ordusunun sərhəddə irəliləməsidir, Moskva bunu dəstəkləsə də, ABŞ bu dəstəyin Kremldən gəldiyini həzm edə bilmir və delimitasiya prosesindən irəli gələn rıçaqları əlində cəmləşdirmək istəyir”.
A.Kərimov vurğulayıb ki, Əliyevlə Paşinyanın Rusiya görüşündə Azərbaycan tərəfi qlobal oyunçuların hərisliklərinin artmasına baxmayaraq, yenidən öz şərtlərini masanın üstünə qoyacaq:
“Ermənistan isə itirməkdə davam edəcək, ən azından iki səbəbə görə:
- ABŞ Azərbaycan ordusunun irəliləməsinə qarşı çıxacaq əsaslı addımlardan çəkinəcək. Çünki Vaşinqton Bakı ilə strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrini İrəvanın ayaqlarına vermək meylinə getməz.
- Onsuz da Rusiya Ermənistanı “eşafota” çıxarıb onu sərt cəzalandırmaq istədiyindən o da Bakının maraqlarına üstünlük verəcək”.
Yeganə