“Qadınların qətlə yetirilməsində əsas səbəblərdən biri də onların hüquqlarını bilməməsi, “şikayət edəcəyi təqdirdə başqası buna nə deyər?” düşüncəsinin olmasıdır. Hətta hüquqlarını bilən qadınlar belə bundan istifadə etməkdə çəkinir. Cəmiyyətimiz əksər hallarda yalan görünüşü özündə rəhbər tutur. Qadınların böyük əksəriyyətində belə cəsarət olmur”.
Bu fikirləri Elchi.az-a açıqlamasında hüquqşünas Tural Həsənli deyib.
Onun sözlərinə görə çox nadir hallarda döyülən qadınlar polisə şikayət edir: “Lakin əksər hallarda qadın düşünür ki, polisə şikayət etdikdə qohum-qonşu ərini tutdurduğu üçün onu qınayacaq.
Bir çox hallarda bəzi qurumlara xanım şikayət etdikdə, ona qarşı zorakılığın edilməsi normal qarşılanmaqla, “ər arvadını döyər” kimi qarşılanır. Bundan başqa cəmiyyət özü də zorakılığa qarşı mübarizədə yaxından iştirak etməlidir. Məsələn, əgər X adlı şəxs onunla qonşuluqda yaşayan şəxsin öz arvadını döyməsinə “mənim nəyimə lazım özləri bilər” deyə münasibət bildirib normal qarşılayırsa, deməli cəmiyyətin bir hissəsi hal-hazırda qadınlara qarşı zorakılığın qarşısının alınmağında maraqlı deyil. O vaxta kimi ki, özü o zorakılığın qurbanı olacaq”.
Hüquqşünas son olaraq qeyd edib:
“Cəmiyyətdə gender bərabərliyi təmin olunduqda hər kəs başa düşəcək ki, fərdlər cinsiyyətinə görə fərqli yanaşmaya məruz qalmamalıdır, hər kəs həyatı ilə bağlı sərbəst qərar verməlidir”.
Havar Şəfiyeva