Serbiyada Kosovo ilə danışıqlara qarşı ETİRAZ yürüşü

66

Bu gün yüzlərlə nümayişçi Belqradda Qərbin Serbiya və Kosovo arasında əlaqələri bərpa etmək planına etiraz edərək yürüş keçirib.

Elchi.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yürüşdə əsasən serb millətçiləri və pravoslav xristianlar iştirak ediblər.

Bir çox serblər Serb pravoslav inancının əsas kilsə və monastırlarının vətəni olan Kosovonu serb xalqının ürəyi hesab edirlər. Serbiyanın çoxdankı müttəfiqi Rusiya ilə də yaxın əlaqələr qurmaq istəyən serb millətçiləri prezident Aleksandar Vuçiçi Kosovo ilə Qərbin dəstəklədiyi müqavilə danışıqlarındakı roluna görə tənqid ediblər.

Fevralın 27-də Vuçiç və Kosovonun baş naziri Albin Kurti münasibətlərin tənzimlənməsinə dair sazişi şərti olaraq razılaşdırsalar da, imzalamayıblar.

Serb Pravoslav Kilsəsi Müqəddəs Pasxa bayramına qədər davam edəcək dua hazırlayıb, lakin yürüşə dəstək verilməyib və ruhanilər də iştirak etməyiblər.

Əksəriyyəti etnik albanların təşkil etdiyi Kosovo, Serb hakimiyyətinə son qoymaq üçün gedən müharibədən təxminən 10 il sonra, 2008-ci ildə müstəqilliyini elan edib. Bununla belə, Serbiya hələ də Kosovonu öz ərazisi hesab edir və zorakılığın baş verməsi münaqişənin yenidən başlaması qorxusunu artırır.

Qeyd edək ki, Serbiya və Kosovo liderləri martın 18-də Avropa İttifaqının (Aİ) himayəsi altında Şimali Makedoniyanın Ohrid şəhərində sülh sazişinin həyata keçirilməsinə dair gələcək danışıqlar üçün yenidən görüşəcəklər.

Yeganə