“Özünü İslam dövləti hesab edən İranın insanları etiraz etdiyinə görə edam etməsi, küçədə gülləməsi bu dövlətin dinlə heç bir əlaqəsinin olmadığı gerçəyini sübut edir”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
Politoloq qeyd edib ki, əgər insanlar əsl İslam dinini yaşasa idilər etiraz etmələri mümkün deyildi:
“İslam dini hər sahədə ədalət və mərhəmət aşılayır. Bir dövlətin vətəndaşları İslam adını əlində rəhbər tutub, onun qaydaları ilə dövlət idarə edən quruluşun dağılmasına çalışırlarsa, deməli, bu, İslam dövləti ola bilməz. Buna görə onları məhv etməyə çalışan rejimin isə İslam dini ilə əlaqəsi heç ola bilməz.
İnsanların dindən qopmasına səbəb olan amillərin illərlə formalaşdığını və buna da hakim rejimin səbəb olduğunu nəzərə alsaq, deməli, aparılan siyasət və yaradılan şərait İslama yox, maraqlara xidmət edib. İnsanlar da bundan bezib, rejimin dəyişməsini istəyirlər.
İran rejimi öz xalqını aldadıb. On illər onlara dinlərini yanlış təbliğ edib. Bunları edən rejim qulluqçuları öz dövlətinin vətəndaşlarını açıq şəkildə öldürməyi gözə alırsa və onlara ölümü rəva görürsə, xüsusən də, bunu xüsusi amansızlıqla edirsə, onlar bu ölkənin xalqlarından ola bilməz. Onlar heç əsl müsəlman da ola bilməz. Onlar müsəlman cildinə girmiş düşmənlər, ya da zombi halına salınmış, beyinləri yuyulmuş canlılardır.
Hesab etmək olar ki, bunlar qarşısındakı etirazçı insanları sinfi düşmən kimi görür. Burda din amili görüntü xatirinədir. Saxta din anlayışı artıq İran üçün baş bəlasına çevrilib”.
Yeganə