Sumqayıt Apellyasiya Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüqar Rəsulovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un məlumatına görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Rəsulovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. V.Rəsulovun həbsdə və ev dustaqlığında olduğu 3 ay 22 gün müddət hazırkı qərarla ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il 8 ay 8 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Azadlığa buraxılan V.Rəsulov cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək.
Qeyd edək ki, hadisə Şamaxı rayonunun Pirsaat kəndi ərazisində baş verib. Həmin ərazidə “VAZ-21015” markalı minik avtomobili qarşı tərəfdən gələn “Shacman” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və Lumu Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Daha sonra yaralılardan ikisi dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan “Shacman” markalı yük avtomobilinin sürücüsü V.Rəsulovun barəsində polisin nəzərətinə verilmə qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. V.Rəsulovun barəsində seçilmiş polisin nəzarətinə qətimkan tədbiri ləğv olunub və məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.