Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif edib.
Elchi.az xəbər verir ki, Qırğızıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət mükafatlarının təqdimetmə mərasimində çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə ölkənin əldə etdiyi uğurlardan danışıb.
Sadır Japarov bildirib ki, müasir Azərbaycan beynəlxalq proseslərdə mühüm rol oynayan güclü dövlətdir. Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi illərində Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi sahəsində mühüm nailiyyətlər qazanıb.
Qırğızıstan Prezidenti qeyd edib ki, İlham Əliyevin dəstəyi və iki ölkənin yaxınlaşmasına yönəlmiş dəyişməz səyləri sayəsində qardaş ölkələr möhkəm dostluq və qarşılıqlı inkişafa əsaslanan həqiqi strateji tərəfdaşlıq qurublar.
“Bu gün münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri alıb”, – deyə o vurğulayıb.
Sadır Japarov əlavə edib ki, İlham Əliyevin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafındakı rolu xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərində iştirakı ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.
Qırğızıstan Prezidenti, həmçinin İlham Əliyevin regionda davamlı sülhün bərqərar olunması, sabitliyin möhkəmləndirilməsi və yeni əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini qeyd edib.
“Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə sadiqliyiniz böyük hörmət doğurur. Məhz buna görə də əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Qırğızıstan Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif etmək barədə qərar qəbul etmişəm”, – deyə Sadır Japarov bildirib.





















