Arada özümə qapılmağım olur – küsürəm hamıdan və guya da ki… çox da matah bir yazar kimi özümü əsirgəmiş olmuş sayıram. Kimlərsə, – ruslar belə düşünənlər haqda “zlıye yazıki qovoryat” deyirlər, – ərinmədən qeybət də qırırlar: “yəqin zapoydadı”.
Əslində isə… özümü əsirgəməkdə haqlı sayıram! Ən azından ona görə ki:
kişi var ki, ona diqqət, hörmət haramdı;
qadın var ki, ona sevgi, qayğı haramdı;
uşaq var ki, ona oxumaq, yazmaq haramdı;
adam da var ki, ona namaz, ibadət haramdı… (siayhını davam edə bilərsiniz – A.C.)
Və bu haramlığı haqq etmişlərin içində doğru-düzgün olmaq, haramlığın və haramzadələrin meydan suladığı dönəmdə kiminləsə nə üçünsə vuruşmaq özü belə küfrdü!
İş ondadı ki… ötən ayyarıma, – dolayısı ilə mənim “özüməqapanma” dönəmimə nəzər salsaq, görərik:
Almaniyanı gurultulu sürəkili alqışlarla DÇ-2014-ün qalibi tək müşayiət etdik, Messini “ən yaxşı” saydıq, Aryen Robben üçün hayıfsılandıq, Türkiyə üçün titrədik, Ukrayna üçün həsəd apardıq, Rusiyanı barmağımıza, Amerikanı qurşağımıza, Ermənistanı da haramızasa doladıq, fəqət… yenə bizi qalib sayan, yaxşı bilən, bizə hayıfsılanan olmadı!
Səbəbi çooox sadə… ağlağan olmuşuq – dünya ictimaiyyəti ağladanları sevir, alqışlayır, qucağına alır!!! Dəsmal götürüb ağlamağa nə can var bizdə!?!
Sonda deyəcəm niyəsini! İndi bicıqqana “perekur”.
Deməli, Çörçillin bərkgedən vaxtlarında, ağzına çullu dovşan nəinki tək, heç cüt-cüt sığmayan dönəmində şeşələnir ki, “ayə, indi “çəkmə”ni (“çəkmə” deyəndə İtaliyanı nəzərdə tutub – A.C.) geyəjəm ayağıma, Türkiyəni tafdıyajam!” Odey haa… bir də ayıldı ki, jurnalist başına döndüyüm mətbuat konfransında dirəyib e… mikrofonun: “bə deyirdin, “çəkmə”ni geyəjəm, tafdayajam”, nooldu bəs, ala?!”
Sözarası deyim ki, nə ondakı, nə də indiki İngiltərədə bizim müasir sayt və qəzet işlədən “delets” müxbirləri kimisi “hop-stop” dəstəsi olmayıb, olmayacaq da… Kİ… Çörçillə və ondan sonrakılara (Folklend adaları uğrunda da belə bir məşum olay yaşamışdı İngiltərə Argentina ilə savaşda, heç ondakı baş nazirə də dəstəkçi yazar qaragüruhu tapılmadı – A.C.) özlərini “arxalı” hiss etmək imkanı olsun. Əlqərəz…
Çörçill VİCDANLI İNGİLİS OLARAQ, etiraf etmişdi: “Mən və biz hər şeyi nəzərə almışdıq, əmbə Atatürkü hesaba götürməmişdik”.
İndi bu başına döndüyüm Atatürk 21 dövlətlə savaşı udub, bir Türkiyə Cümhuriyyəti ortaya qoyanda, “dılğır” bir jurnalist “no-xoroşo” bilmədən, nəyi var, təpcəyəcən “zakon tolkovat” edirmiş ki, bu… demokratiyaya əksdi, bu… milli-mental dəyərlərlə düz gəlmir, bu… özgürlük prinsipləriylə ulaşmır, kütahı, kişinin yediyin-içdiyin zəhərə döndərirmiş.
Atatürk də bir VİCDANLI TÜRK OLARAQ, etiraf edir ki adam “dılğır” olsa da, düz yazır, əmbə yazılmaz belə şeylər, biz dövlət qururuq. O boyda Osmanlıdan – cümhuriyyətlər cümhuriyyətindən cuppulu bir respublikanı salamat çıxarmışıq ki, 3 dəniz və okeana çıxış da bəsimizdi ki, 21-ci əsr yenə də bizim, yəni türkün olsun – hərçənd Atatürk ATARUS LENİNDƏN AZ BİLMİRDİ: “SİYASƏT MÜMKÜN OLANI ƏLDƏ ETMƏKDİ!”
Bu “dılğır”ın da yazdığını dost da söz konusu edirmiş, düşmən də. Nəhayət, Atatürk oliqarx dostlarından birini çağırır ki, gör bunu nə təhəri başa salırsan sal, dilini dildanına, qələmini qələmdanına qoysun.
Dostu söz verir və “dılğır”ın növbəti yazısı çıxan kimi bunu tapır və başlayır e Uca Millətimiz Seymur Baycana minnətdarlığını ifadə etdiyi kimi, buna bəy tərifiylə minnətdarlıq, təşəkkür etməyə. Sonda da bizim indiki pulla ekvivalent tutsaq, bir 1000 AZN də cibinə qoyur ki, yaz, yarat! Təbii ki, bu “dılğır” “mən parayla və paraya yazan deyiləm” deyibən bir-iki dəfə dartınsa da, ayrılanda pulun istisi nəinki cibini, cibiylə bahəm… budlarını da istiləndirir.
Növbəti yazıdan sonra isə Dost bunu ən bahalı restorana aparır. Bu dəfə isə Uca Millətimiz Elnur Astanbəyliyə səcdədə olduğu kimi, səcdə yapır və badələr artıq hər cümlənin cahanşümullüyü sağlığına qalxır.
Üçüncü yazıyla lap gül vurur… Dost bu dəfə bir az da qabağa gedir. Uca Millətimiz Qan Turalı eşqinə ayağa qalxdığı kimi, Dost da bunun üçün ayağa qalxır və… evinə dəvət edir!
Atatürk dostu çağırır: “Qadam, səndən adam kimi adam olub bu ““dılğır”ı susdur” dedim, bu daha da meydan tutub, nə yapdığındı?” Dost bir kəlmə deyir: “Mən Türkiyəyə xidmət edirəm. Tapşırıbsan, Türkiyə eşqinə… yapacam! Adam əbədi susacaq!” Və… Türkiyənin çoxmilyonlu oxucu ordusu “dılğır”ın növbəti yazısından vəcdə gəlir!
Dost bu dəfə Uca Millətimiz … (day bundan sonra Uca Millətimizin minnətdar olduqları isimləri özünüz əlavə edin – yazının həcmi genəlir. A.C.) eşqinə gözlərindən bıldır-bıldır yaş axıtdığı kimi, səri-kuyini selə qərq edir…
Çox səmimi və isti söhbətdən sonra… Dost “dılğır”a qayıdır ki, görürsən də, bir Türkiyəm var, bir də dünya gözəli bir qızım. Var-dövlət Sənin üçün önəmli deyil, bilirəm. Amma namus-qeyrət sənlikdi. Mən Türkiyəni və qızımı sənə etibar etmək istəyirəm. Gəl, qızıma yiyə dur. Gəl, Türkiyəyə sahib dur. Sən Türkiyəyə sahib durmaq üçün səni vəcdə gətirən nəsnələr olmalıdı. Daxmada, sokaklarda şedevrlər yaranmaz. Mübarizə üçün güc, vəsait lazımdı. Mən Türkiyə eşqinə nəyim var sənə bağışlayıram.
Bəli… “dılğır”ı qızyla evləndirir və İtaliyaya turneyə göndərir. ALTI AYlıq!
Bir-iki aydan sonra Atatürk görür ki, “dılğır”dan xəbər yoxdur, dostundan da eləcə. Həmən də dostunu çağırır: “Əfəndim, nə yapmışsan, adamı öldürtmüş olarsan birdən???”
– Hayır, əfəndim! Qızımı verdim ona ərə, yola saldım İtaliyaya, bal ayına – altı aylığa. 3-cü aydı istirahət edir… qızımla!
Artıq heç nə demirəm: Prezidenti və xalqı üçün, dövlətinin bərqərar və gələcəkdə möhtəşəm olması üçün DÜNƏNdən qızından keçən oliqarx-dostu olan ölkə qalib oldu, BU GÜN DƏ qalibdir. Bizdə isə… oğlanlarından keçmirlər!!! Ağlayırlar!!!
Təkcə bu da deyildi Atatürkü nəinki ingilisə, hətta 21 dövlətə qalib edən! Həm də oydu ki, düşmənlə üz-üzə cəhbə xəttində ayağını itirmiş əsgər geriyə qayıdanda, qarşısında Atatürkü görür və “nə yapdığındı” sualına “burda qalıb öləcəm onsuz da, geri qayıdıram, evimdə ölüm” dedikdə, eşidir: “Ulan, öləcəyini bildiyin halda, niyə geriyə? Cəsədinlə yıxıl tankın qabağına, o biri ölüləri də daşı dişinlə, qoy üstünüzdən keçə bilməsin, Türkiyəyə girməsin düşmən tankı!”
Türk öz torpağı üçün öləndən sonra da sipər olmağı bacardığında… Vətənini xilas etdi, edə bildi!
SÖZARASI: Biz yaralanan kimi ölürük!!!
Biz öləndən sonra bu Vətən üçün də, bu xalq üçün də, bu dövlət üçün də PROBLEMə dönürük – unuduruq ki, bizim ölməyimiz hələ heç nəyi dəyişməyib! Əksinə, düşmən bizdən daha bir əsgər artıqdır!!!
HAŞİYƏ: Bu faktları mənə 10 il Türkiyədə oxumuş və hazırda həbsdə olan dostum danışıb. Yazarın kimliyini, döyüş bölgəsini dəqiqliklə xatırlamıram və cəhd də etmədim dəqiqləşdirməyə. Qüsura bakmayın! Niyyətim ayrı şeydi.
Həə, deməli, 2002-ci il idi. Etibar Cəbrayıloğlu demiş, cibimdə disketlə qəzet buraxırdım: “Üçüncü Azərbaycan”. 2001-ci ildə siyasilərin portretlərini işləmişdim bir layihəylə – “Yurd yeri”. Bu dəfə Uca Millətimizin yazdıqlarını oxuyanda ağzı sulanan, “ünlü, cahanşümul, möhtərəm, möhtəşəm, as” saydığı yazarların “Yurd yeri”ni işləmək niyyətim vardı.
Bircəsinin adını çəkəcəm, onu da ona görə ki, təkcə o səmimi oldu: Hikmət Sabiroğlu kişi kimi etiraf elədi ki, dədə, Şuşa heç ermənidə olmasaydı da, oturub Bakıda işləyəcəkdim. Darıxıb eləməzdim”.
Amma və lakin… bu gün prezidentin, müdafiə nazirinin üstünə “Q…arabağ qaxıncı” ilə gedən bir eşalon (bir-iki yox e – A.C.), BİR EŞALON “ünlü, cahanşümul, möhtərəm, möhtəşəm, as” yazar… sadəcə, kəndlərindən, şəhərlərindən danışmaq istəmədilər, hətta içlərində eləsi də vardı ki, “mənə lazım deyil o kənd, sən neynirsən yazıb” deyəni də oldu.
ZƏRURİ ÇIXIŞ: Onların içində elələri də var ki, nəinki mənə, hətta ayrılarına da bu cür əskik cavabları üzə çıxanda, elə əskikcəsinə də altından çıxmağa çalışıblar: “məzə qılırdım” – adamın kəndində erməni bağ əkir, məhsul biçir, bu da həmkarı ilə “məzə qılmağı” qəhrəmanlıq bilir!!!
… Və mən sonralar o eşalonun içində yazılarında kəndin baməzə kişilərini millətə soxuşduran gördüm!
Və mən sonralar… HƏMİŞƏ CIZDAĞIM ÇIXA-ÇIXA birilərini “Qarabağ üçün ürəyi partladı, öldü” deyiləndə yazanın da, deyənin də hər şeyini söyürdüm!!! Çünki ADAM ÖZÜ DEMİŞDİ, ŞAHİD YANINDA DEMİŞDİ, DİKTOFONA DEMİŞDİ: “Qaqa, mən ağdamlı deyiləm ki, dədəm orda işləyib, tanışlarımızı çoxdu…”
Və bu adamlar Prezidentdən, Müdafiə Nazirindənn Qarabağ istəyirlər!!!
Onda İlham Əliyev Azərbaycanın Prezidenti deyildi!
Onda Zakir Həsənov da müdafiə naziri deyildi!
İndi “Lazım gələrsə”ni ŞƏBƏDƏyə çevirənlər, LAZIM OLANDA HƏTTA TORPAQLARINDAN DANIŞMIRDILAR! Kİ… bütün azərbaycanlılar sevsin və o torpaqlar üçün ölməyə hazır olsunlar!!!
Elə ona görə də bu gün əsgər öləndə, hamı əl-ayağa düşür!!! Halbuki…
Amma mən onda yazmışdım: Prezident ÜÇÜNCÜ AZƏRBAYCANDAN OLACAQ – nə indiki müxalifətdən, nə də indiki iqtidardan!
Mənim dediyim düz çıxdı – hesabını “x günü”nə hesablayanların yox!
Və mən Azərbaycan xalqından fərqli olaraq, DAHA QARABAĞ HAQQINDA DÜŞÜNMƏDİM!
Çünki mən o günə qədər Bakıda ev sahibi olmağa utanırdım. Fikirləşirdim ki, mənim qaçqın düşən tələbə yoldaşlarım var, mən necə ev sahibi ola bilərəm!? – bu səmimiyyətimə inanmasanız da, olar. Amma mən onda biləndə ki, mənim qaçqın tələbə yoldaşım mənə istehza ilə gülür və üzümə deyir ki, kirayə verdiym evin pulunu almağa gedirəm, onda ev almaq istəyim gec idi. Hər şey dağılmışdı. Dağılan təkcə mənim həyatım deyildi – elə Qarabağın həyatı da mənim ömrüm kimi puça çıxmışdı. Ən azından, artıq Qarabağda həyat qurmaq üçün savaş nəinki bitmişdi, hətta Bakı Qarabağ(lı)laşmışdı!
Azərbaycan isə yalnız Abşerondan ibarət olmağa başlayırdı.
Bir ar torpağın Bakıda 1 milyon dollar olmasının səbəbi bu – dünyanın heç harasında torpaq bu qədər qiymətli deyil!
Azərbaycan… doğrudan da qiymətli torpaqdır, fəqət… Vətən deyil!!!
Bunu 1993-cü ildə “Azadlıq”da yazmışam: “Azərbaycana prezident təyin edəndə onu gərək Azərbaycana qarış-qarış gəzdirəsən. Bilsin ki, hansı torpağın, hansı xalqın sahibi olacaq”.
Bu torpağı qarış-qarış gəzməyənlər, dəyərini bilməyənlər, xalqını tanımayanlar bu xalqın sahibi oila bilməz.
İnternetlə, sifarişlə, çatla layihələr ortaya qoyanların aqibəti virtuallıqdan başqa bir şey deyil.
Həyat isə reallıqlardan ibarətdir!
Reallıq isə odur ki… baxın informasiya portallarına, qəzetlərə, teleradiolara!
Hər yerdə zorlama, qəza, kriminal… torpaq alqı-satqısı elanları, alver reklamları, kastinqlər, treninqlər, müsabiqələr…
Vətəndən isə… danışanda ağlaşmadır!
Vətən üçün ağlamırlar e – hərə öz balası üçün ağlayır!
Elə Vətən də balaları üçün ağlaşma quran balaları üçün ağlayır!
Bu Vətəni də bala üçün ağlamağa öyrəşdirdik!
Amma öz aramızdı, Vətən, yaman gözəl ağlayırsan! Özü də necə göözəl!!
SON SÖZ ƏVƏZİ VƏ YAXUD GÖZLƏNİLƏN TƏPKİLƏRƏ BƏRİ BAŞINDAN ÜZRXAHLIQ:
Oğlu, qardaşı döyüş bölgəsində həlak olan heç bir kimsəyə laqeyd deyiləm – məni tanıyanlar bilir ki, sevinən hər bir kəsin sevincinə şərikəm, ağlayan hər bir kəsin göz yaşının yarısı mənəm. Hətta bu ölkənin fahişə qadınının fahişəliyini də özümə dərd edən biriyəm. Ancaq söhbət Vətəndən və torpaqdan gedəndə, qəddar olmaya bilmirəm! ÇÜNKİ: Qarabağdan qaçqın düşənlərin sığınmağa ən azından Azərbaycanı və daha YEDDİ TÜRK DÖVLƏTİ vardı. Mənim isə qaçqın düşəsi ata-anamı Azərbaycandan başqa aparmağa Vətənim yoxdu! Ona görə də mən, – hamıdan fərqli olaraq, – balamı yox, Vətənimi ağlayanların sırasındayam!!!
Tezxeber.com