Səudiyyə Ərəbistanı Suriyada diplomatik fəaliyyətini bərpa etdiyini açıqlayıb

97

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi, Suriyadakı diplomatik missiyasının fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Elchi.az  xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, “Səudiyyə Ərəbistanı Suriyadakı diplomatik missiyasını yenidən başlatmağa qərar verib”.
Bəyanatda bunun qardaşlıq əlaqələrini gücləndirmək, regionda təhlükəsizlik və sabitliyi təşviq etmək, həmçinin Ərəb Liqasının mayın 7-də qəbul etdiyi qərarla Birləşmiş Millətlər Təşkilatının nizamnamələrinin həyata keçirilməsi məqsədilə atıldığı qeyd edilib.
Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri mayın 7-də Misirin paytaxtı Qahirədə keçirilən toplantıda Suriyadakı Bəşər Əsəd rejiminin Birliyə qaytarılması ilə bağlı razılığa gəliblər.
Səudiyyə Ərəbistanı ilə Əsəd rejimi arasında diplomatik əlaqələr 2011-ci ildə Suriyada qiyamlar başlayandan sonra kəsilib.
Suriyadakı Bəşər Əsəd rejiminin xarici işlər naziri Feysəl əl-Miqdad təxminən 12 ildən sonra aprelin 12-də Səudiyyə Ərəbistanına səfər edib.
“Tərəflər iki ölkə arasında konsulluq xidmətlərinin və uçuşların bərpası üçün prosedurların başlanmasını alqışladıqlarını açıqladılar”, – Miqdadın Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə görüşündən sonra verilən birgə bəyanatda deyilir.
Aprelin 18-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud 2011-ci ildən bəri Xarici İşlər Nazirliyi səviyyəsində Səudiyyə Ərəbistanından Dəməşqə ilk səfərini edib və Suriyadakı rejimin lideri Bəşər Əsədlə görüşüb.

Nuranə Məmmədova