Şəhid pilot Rəşad Atakişiyevin barelyefinin açılışı odu – FOTO7 Yanvar 2023 18:24

66

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mərhum zabiti, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, hərbi təyyarəçi, polkovnik-leytinant, şəhid Rəşad Atakişiyevin vaxtilə yaşadığı binada barelyefinin açılışı olub.

Elchi.az xəbər verir ki, mərasimdə Hərbi Hava Qüvvələrinin heyəti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, ailəsi, dostları iştirak edib.

Mərasimi giriş sözü ilə sabiq dövlət müşaviri, politoloq, mərhumun qayınatası Qabil Hüseynli açıb. O qeyd edib ki, pilotumuzun itkisi Azərbaycan xalqının itkisidir:

“Rəşad şəhid olanda düşünürdüm ki, onun ölümü ailəsi, onun çalışdığı hərbi hissə üçün böyük itkidir. Amma mən sonra başa düşdüm ki, Rəşad yaşadığı ərazidə də böyük iz qoyub. Qonşular onun xətrini çox istəyirdilər. Bayaq Elşən müəllim telefonunu açıb, onunla çəkilən olan şəkillərini göstərir, bu ərazidəki birgə gəzintilərindən danışırdı. Söhbət müəllim rəhmətlik haqqında ən gözəl fikirlərinizi söyləyirdi. Azərbaycan cəmiyyətində Rəşada qarşı olan böyük sevgini, ehtiramı görürəm və sözün həqiqi mənasında qəlbim riqqətə gəlir”.

O qeyd edib ki, barelyefin açılışı Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutur:

“Rəşad qarşısında borcumuz çoxdur. Bu borcun böyük hissəsini onun çalışdığı hərbi hissə öz üzərinə götürüb. İstər onun doğum günündə, istər onun həlak olduğu gündə hərbi hissənin rəhbərliyi həmişə ailəsinə baş çəkir, onlara baş sağlığı verir.

Bu gün isə biz istəyirik ki, Rəşad qarşısında daha bir borcumuzu yerinə yetirək. Rəşadın uzun müddət bu binada onun barelyefini açılışını edirik. Mən Yasamal Rayon İcra Hakimiyyətinə, Müdafiə Nazirliyinə, Hərbi Hava Qüvvələrinin komandanlığına dərin təşəkkürümü bildirirəm”.

İl- 76 nəqliyyat təyyarəsinin ideoloji işlər üzrə müavini Röya Bayışov bildirib ki, Rəşad Atakişiyev həmkarlarının, dostlarının xatirəsində savadlı, intellektual səviyyəsi çox yüksək olan, bacarıqlı pilot kimi qalacaq:

“Rəşadla xarici təlimlərin birində rastlaşdıq. O təyyarəyə doğru gəlirdi, bizim də təyyarənin yanında xarici dövlətlərin digər təyyarəçiləri var idi. Onlar Rəşadın qaməti, xarici görünüşü, təyyarəyə necə yaxınlaşması, insanlara salam verməyinə diqqətlə baxıb, çox xoş sözlər deyirdilər”.

Daha sonra çıxış edənlər Rəşad Atakişiyevin şərəfli həyat və döyüş yolu keçdiyini bildiriblər.

Çıxışlardan sonra şəhidin barelyefi üzərindəki örtük götürülüb.