Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO ölkələri, ABŞ, Böyük Britaniya və Fransaya məxsus bütün nüvə silahlarını vahid nüvə arsenalı kimi gördüklərini və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün planlar qurduqlarını bildirib.
Elchi.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya səfər edən Qambiyanın xarici işlər naziri Mamadu Tanqara ilə görüşüb.
Paytaxt Moskvada baş tutan görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib.
Görüşdə Afrikadakı vəziyyətə diqqət çəkən Lavrov İŞİD və Əl-Qaidə ilə əlaqəli cihadçı qrupların terror təhlükəsinin artdığını və bundan narahat olduqlarını bildirib.
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyində (ECOWAS) yaranan problemlərə işarə edən Lavrov, “Ümid edirik ki, ECOWAS üzvləri arasında münasibətlərdə yaranan problemlər bərabərlik və qarşılıqlı hörmətə əsaslanan dialoq yolu ilə həll ediləcək”,-deyə bildirib.
Lavrov Qambiya və afrikalıların Afrika qitəsindəki böhranlara həll yolları tapmasının tərəfdarı olduqlarını bildirib.
İsrail rəhbərliyinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) 7 oktyabr hücumlarında əli olmaqda ittiham etdiyinə diqqət çəkərək, Lavrov BMT-nin İsraillə təmasda bu problemi həll edəcəyinə ümid etdiyini bildirib.
Lavrov, “Araşdırma olarsa, faktlar üzə çıxacaq, lakin UNRWA istintaq zamanı cəzalandırılacaqsa, veriləcək qərar doğru olmayacaq”,-qiymətləndirməsini edib.
Nazir Lavrov xatırladıb ki, UNRWA işğal olunmuş ərazilərdə fələstinlilərin həyati şəraitinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirib.
Nuranə Məmmədova