Babək Göyüş, uzun illərdir, ədəbiyyatımızda və mətbuatımızda “külüng vurur”. İlk baxışdan sərt görünsə də, çox mülayim insandır.
Onunla şənbə günü Sahil bağında, təsadüfən, görüşdük və görüş zamanı ordan-burdan söhbət etdik. Qərara gəldik ki, həmin söhbəti, bir az da, genişləndirək.Aktual.az-ın “Yazarın bazarı” rubrikasının qonağı Babək Göyüşdür.
– Son vaxtlar müsahibə verməkdən niyə qaçırsınız?
-“Qaçırsınız” sözü bir az yerində səslənmədi. Oxucular elə bilərlər ki, sən əlində diktofon məni təqib edibsən, mən də qaçmışam. Sadəcə, iş-güc çox olur, bu üzdən “Facebook”-dakı virtual yazışmalarımızda “yox” demişəm. Bəlkə, şənbə günü Sahil bağında üz-üzə gəlməsəydik, heç bu müsahibə də alınmazdı. Deməli, səndən qaçmaq mümkün deyil, əvvəl-axır cənginə keçirirsən…
– Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllim işləmisiniz… Niyə sonra davam etməmisiniz?
– Qoy, müəllim peşəsini sevənlər məni bağışlasınlar. Bu peşədən heç vaxt xoşum gəlmirdi, o da gəlib məni tapmışdı. 3 il, məcburən, işlədim, çünki keçmiş SSRİ dövründə təyinatdan imtina etmək çətin məsələ idi. Həm də, Riyaziyyat fakültəsinə, təsadüfən, düşmüşdüm. Mən elə orta məktəbdə oxuyanda Jurnalistikaya hazırlaşırdım, yaşadığım Krasnoselo rayonunun “Dostluq” qəzetində və “Azərbaycan pioneri”ndə tez-tez məqalələrim, şeirlərim çap olunurdu. Bakıya gələndə isə öyrəndim ki, Jurnalistikaya orta məktəb məzununun sənədlərini götürmürlər, gərək, 2 illik stajın olsun. Mən də, naəlac qalıb, Mexanika-riyaziyyat fakültəsinə sənəd verdim və qəbul olundum. İlk semestrdən sonra tam anladım ki, bura mənlik deyil və dərslərə getmədim, kitab üzü açmadım, zor-bəla ilə Universiteti bitirdim, ancaq orta məktəbdə riyaziyyat və fizikanı yaxşı mənimsədiyimdən Lənkəranda müəllim işləmək elə də çətin olmadı. Şagirdlərimin hamısı bu sənəti sevmədiyimi yaxşı bilirdi. Xatırlayıram, 1982-ci il may ayının 25-də sonuncu dərsdə sinif jurnalını göyə qaldırdım və “Əlvida, ey müəllimlik peşəsi”- deyərək, onu sinfin yuxarı başına tulladım. Uşaqlar da qalxıb əl çaldılar. Və beləliklə, canım o əzabdan qurtardı…
– 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Gənclik redaksiyasında redaktor kimi çalışmısınız. AzTV-dən ayrılmağınıza səbəb nə oldu?
– AzTV-dən, yüzlərlə əməkdaş kimi, məni də səbəbsiz-filansız işdən çıxartdılar. Heç ərizə də yazmadım, özləri əmək kitabçamı yazıb məsələni həll etdilər. O gündən indiyədək rəsmi heç yerdə işləmirəm, yəni əmək kitabçamda son iş yerim AzTV göstərilib. Düzdür, 2011-ci ildə 2 ay “Üç nöqtə” qəzetində müxbir kimi çalışmağım da ora yazılıb.
– Sizi hərbi jurnalist hesab etmək olarmı?
– Hərbi jurnalist işlədiyim dövrü həyatımın ən maraqlı və ən təlatümlü günləri hesab edirəm. Azərbaycan müstəqillik əldə edəndən cəmi 4 ay sonra Müdafiə Nazirliyinin “Xalq Ordusu” qəzeti təsis olunanda məni də ora mülki jurnalist kimi işləməyə dəvət etdilər. Məmnuniyyətlə qəbul etdim. Həmin vaxt müdafiə naziri Tahir Əliyev idi. Qısa zaman kəsiyində Qazaxdan Harami düzünədək bütün döyüş bölgələrindən reportajlar hazırladım. Qazağın Cəfərli, Goranboyun Todan kəndlərində erməni gülləsinə tuş gəlsəm də, sağ qaldım. Ən qorxulu anları isə Ağdamın Abdal-Gülablı kəndində yaşadım. 1992-ci il may ayının 14-də (müdafiə naziri Rəhim Qazıyev idi) vertolyotla Ağdama uçdum. Uzundərədə ezamiyyə kağızımı göstərdikdən sonra Səfər Əbiyev göstəriş verdi ki, məni tanka mindirib döyüş bölgəsinə aparsınlar. Mən əsgərlərlə tankın üstünə çıxdım. Bu zaman komandir Yaqub Rzayev (Qatır Məmməd) kiməsə: “Bu jurnalisti əliyalın ora niyə göndərirsiniz, öldürəcəklər”- deyib məni tankın üstündən düşürdü və “N” saylı hərbi hissənin komandiri Asif Məhərrəmova (Fred Asif) təhvil verdi. Mən də onların maşınında Ağdam stadionuna gəldim.
Gecə yatdığımız yerdə hay-küy düşdü ki, ermənilər Abdal-Gülablı kəndinə giriblər və Fred Asifin dəstəsini ora köməyə çağırırlar. Mən də getməyimə təkid etdim. Asif məcbur olub məni də özüylə götürdü və sürücüylə üçümüz “Villis”lə Gülablıya getdik. Kəndə çataçatda başımızın üstündə uçan vertolyotla maşınımızı dəlmə- deşik etdilər, heç bir güllə bizə dəymədi.
Kəndin girəcyində məni düşürdülər və dedilər ki, gözlə, qayıdanda götürərik. Yadımda deyil, bir saatmı keçdi, yoxsa iki saat, Asif sürücüsü ilə qayıtdı. Soruşdum ki, erməniləri qovdunuzmu? Dedi, kənddən çıxartdıq. Qayıdıb Bağbanlar kəndinin yanına gəldik.
Bizim 3 vertolyotumuz ermənilərə atəş açırdı. Bütün kənd yığılıb bu mənzərəyə baxırdı. Birdən vertolyotun birinin vurulmasını gördük. Sonradan öyrəndik ki, pilotun biri rus olub. O, erməni tərəfə düşüb. Bizimkilər həmin an hücum edib onu xilas etmişdilər. Yaralandığı üçün onu xəstəxanaya aparmışdılar. Şuvalyov familiyalı bu pilotdan,dəfələrlə, xəstəxanada müsahibə aldım. Digər pilotun (o, azərbaycanlı idi) taleyindən isə xəbərim olmadı.
Döyüşdən sonra Ağdama qayıtdıq. Radioda eşitdik ki, Bakıda hakimiyyəti dəyişiblər. Mayın 15-də parlamentdə Ayaz Mütəllibov yenidən vəzifəyə qayıdıb. Axşama yaxın onun istefa verdiyini öyrəndik.
Fred Asiflə bir neçə dəfə xəstəxanada görüşdük. 1992-ci ilin iyununda o, ağır yaralandığına görə müalicə olunurdu. Elə həmin ilin sonunda ona “Azərbaycanın Milli Qəhrəmanı” adını verdilər.
Fred Asif isə bu adın sevincini cəmi 2 il yaşadı, 1994-cü ildə Yaltada dünyasını dəyişdi.
1992-ci il may ayının sonuna yaxın Rəhim Qazıyev “İnşaatçılar” qəzetinin baş redaktoru Adil Hüseynovu “Xalq Ordusu”na baş redaktor təyin etdi. Və təlatümlü günlərimiz də ondan sonra başladı. İyun ayının 7-də 1 metr 40 santimetr boyu olan bu redaktor qəzetin 7 nəfər aparıcı jurnalistini köhnə tarixlə işdən çıxartdı. Sentyabrın sonunadək gecə-gündüzümüz Səbail rayon Xalq məhkəməsinin önündə keçdi. Nəhayət, məhkəmə bizi işə bərpa etdi. Rəhim Qazıyev isə bizi işə götürmək əvəzinə, qəzeti, tamamilə, bağladı.
Qəzetə 1993-cü ilin may ayında qayıtdıq. Artıq Rəhim Qazıyev işdən çıxarılmışdı, onun yerinə Dadaş Rzayev təyin edilmişdi. Adı dəyişdirilən “Azərbaycan ordusu” qəzetində bu dəfə hərbi rütbə ilə məsul katib kimi işə başladım. 1995-ci ilin sonunda hərbçi peşəsinin mənlik olmadığını anlayıb işdən ayrıldım.
– Bir az ədəbiyyatdan danışaq…
– Bayaqdan danışdıqlarımız da elə ədəbiyyatın özü idi. Janrını müəyyənləşdirsən, oxunaqlı bir əsər olar. Ədəbiyyatın özünü isə, istər bu işlə çörək qazananlar, istərsə də bunu kənardan təqib edənlər öz düşüncəsinə görə fərqli ampluada anlayırlar.
Ədəbiyyatda əsas amil müəllifin nə demək istədiyi deyil, mətndə nə yazıldığıdır. Ədəbi əsərlərin qiyməti orda toplanan mənaların sayındadır. Elə oxucunu da, tənqidçini də düşündürən bu mənalardır. Əks halda, oxunan əsərlər şou xəbərləri kimi tez yaddan çıxa bilər.
Yazıçını isə tanıdan onun kitablarıdır. İstənilən kitab asan oxunmalı və qavranmalıdır. Bu baxımdan kitab oxunduqdan sonra müqəvva obrazında qalmamalı və beyinin dərin qatlarına göndərilən bir ismarış olmalıdır. Ədəbiyyatın ikinci funksiyası isə insanları tərbiyə etmək, onlara informasiya ötürmək və əyləndirməkdir. Rus yazıçısı Maksim Qorki əks fikirdə olduğunu bəyan edib və yazıb ki, kitabı oxusan da, yenə öz başınla hərəkət etməlisən.
Kitabın uğur qazanmasında, təkcə, müəllif deyil, həm də oxucu cavabdehlik daşıyır, çünki kitab intellektlə baxış bucağı arasında bir dialoqdur. Əgər kitab oxucunun xoşuna gəlmirsə, deməli, müəlliflə onun düşüncələri üst-üsə düşməyib. Və bunun üçün ağlamağa dəyməz, başqa kitab axtarmaq lazımdır.
Avraam Linkoln isə, ümumiyyətlə, kitab oxumağı məsləhət görməyib və deyib ki, o insan mənə dost hesab edilir ki, mən onun verdiyi kitabı oxumamışam. Düzdür, bu fikrin dərinliyində görünməyən bir alt qat var. Siyasətçi düşünür ki, dostun verdiyi kitabı oxuyub məyus olmaqdansa, onu oxumamaq məsləhətdir və bu zaman dost dediyin insan gözündən düşməz.
Deməli, bu aqibətlə üzləşməmək üçün hər bir yazıçı oturub kitab yazanda nə yazdığını və necə yazacağını öncədən bilməlidir. Əks halda, onun çap etdirdiyi kitablar kitab mağazalarının toz basmış rəflərində itib-batar.
Bədii kitab isə ictimai düşüncənin xüsusi bir formasıdır. O, həm də musiqinin bir növüdür, təsviri incəsənət nümunəsidir və memarlıq incisidir.
Burda maraqlı bir sual doğur. Yazıçı niyə və kimin üçün yazır? Sartr hesab edir ki, ədəbiyyat yazıçı təxəyyülü ilə oxucu ehtiyacının görüşdüyü bir məkandır. Deməli, yazıçı həm özü, həm də oxucu üçün yazır.
– Müasir Azərbaycan ədəbiyyatının mövzuları Sizi qane edirmi?
– İstər indinin özündə, istərsə də keçmiş zamanlarda Azərbaycan yazıçılarında mövzu problemi olmayıb, yazıb-yaradıblar, ancaq bunun bir əmması var. Əmması da odur ki, o mövzuların heç biri Qərbdə əks-səda doğurmayıb, doğursaydı, bizi də oralarda tanıtdıran bir yazıçımız olardı. Yoxdursa, deməli, o yazıların hamısı içi boş şara bənzəyir. Dağılmaq üçün, sadəcə, bir iynəyə bənddirlər.
İndi bu müsahibədən sonra AYO-dan tutmuş AYB-dək hamı yazdığı romanların adlarını çəkəcək, süjet xətlərini xatırladacaq. Heç narahat olmasınlar, sön dövrlər çap edilən kitabların hamısını oxumasam da, yazılanlar haqda ümumi təsəvvürüm var. Bizim yazarlar və onların ətrafında toplaşan bir qrup adamlar yalnız özlərini təriflətdirməklə məşğuldurlar.
– Müasir yazarlarımız taleyüklü mövzulara daha çox yer ayırır. Buna səbəb nədir, Sizcə?
– Bilmirəm, bu taleyüklü mövzular deyəndə nəyi nəzərdə tutursunuz? Qarabağımı, Şuşanımı, yoxsa dağıdılan və sonradan bərpa edilən üzüm tarlalarınımı? Azərbaycan insanı üçün taleyüklü mövzular yaxşı maaşı olan iş tapmaqdır, ev almaq, qarın doyurmaqdır, pulsuz təhsil almaqdır, rüşvətsiz yaşamaqdır, intiharların qarşısını almaqdır.
– Cənub mövzusuna müraciətlər çox zəifdir. Ədəbiyyat bütöv Azərbaycan yolunda güclü təbliğat vasitəsi ola bilərmi?
– Cənub mövzusu Qarabağın işğalından sonra ikinci plana keçib. Biz Şuşanı, Ağdərəni, Laçını almayanadək Təbriz haqda necə düşünə bilərik. Əslində, Təbrizdə elə bir problem yoxdur. Nə olsun ki, öz dillərində oxumurlar.
Şimali Azərbaycanda müstəqillik əldə etsək də, yenə rus dili dominantlıq edir. İndi rus dilini bilməyən heç bir gənc banklara, brendli şirkətlərə və digər qurumlara işə qəbul edilmir. Cənubda isə fars dilini bilməyin özü böyük uğurdur. Onsuz da, təkcə, Təbrizdə deyil, Tehranda da əhalinin çoxu türk dilində danışır. Daha bizə nə lazımdır? Qarabağdan sonra Cənub məsələsi öz-özünə həll ediləcək. Buna inanıram. Ədəbiyyat isə bizə Cənubu qaytarmaz, yalnız cənublu yazarlarla təmas qura bilər…
– İlk hekayəniz neçənci ildə dərc olunub?
-“Dua” adlı ilk hekayəm 1988-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap edilib. Daha sonra hekayələrim “Azərbaycan”, “Ulduz” və “Azərbaycan təbiəti” jurnallarında, “Yol” qəzetində və digər mətbu orqanlarında işıq üzü görüb.
– İndi isə tam fərqli suallar vermək istəyirəm. “Mən kiməm?” sualına necə cavab verərdiniz?
– Vikipediyada hər şey yazılıb…
– Dost…
– Belə getsə, heç kəsin əsil dostu olmayacaq. Nəinki dostu, heç doğma qardaş-bacısı da olmayacaq. İnsanlar bir-birlərinə qarşı o qədər soyuqlaşıblar ki, o qədər özlərinə qapılıblar ki, heç kim heç kimi bəyənmir. Hamı özünü digərindən ağıllı hesab edir. Bu fəlakətdir. Ancaq bu fəlakətə bir tərəfdən sevinirəm. İndi gün ərzində 1 nəfər sənə zəng edirsə, zaman gələcək, heç kimin yadına düşməyəcəksən. Bu hal isə xoşuma gəlir. İnsanların kinayəli, mənasız baxışlarından uzaq olursan…
– İlk sevginiz?
– Sevgi özümə xas olan bir dəlilikdir. Onun incəliklərini açmaq istəmirəm.
– İstifadə etdiyiniz nəqliyyat növü?
– İki ildir ki, maşınsız gəzirəm. Deməli, özümdən asılı olmadan, avtobus və metrodan istifadə edirəm.
– Sevdiyiniz maşın markası?
– “Toyota” və “Mercedes”.
– Sevdiyiniz brend?
– Microsoft. Çünki bu şirkət yarandığı 1975-ci ildən bəri insanları monitorun ətrafına toplaya bilib və hamını maqnit kimi özünə çəkib. Həm də onun qurucuları Bill Qeyts və Pol Allen haqda xeyli məqalələr oxumuşam
Heç bir ali təhsli olmayan Bill 1975-ci ildə “Altair 8800” kompüteri üçün BASIC-də proqram yazmaq adıyla Harvard Universitetini tərk edib və bir də ora qayıtmayıb. Deməli, diplomsuz da milyardlar qazanmaq olarmış. Düzdür, bu xülyalar yalnız ABŞ-da həyata keçə bilər. Sovet İttifaqı kimi mənasız bir ölkədə diplomsuz adamı heç qapıdan içəri buraxmazdılar.
– Ən çox bəyəndiyiniz ölkə və şəhər?
– İsveçrəni və Sürix şəhərini sevirəm, ancaq İstanbul şəhərində yaşayardım.
– Sevdiyiniz yemək?
– Plov və kabab.
– Ən çox istifadə etdiyiniz söz?
– Salam.
– Leksikonunuza yad olan söz?
– Yazıq.
– Ən çox sevdiyiniz kitab?
– Haruki Murakaminin “Norveç meşəsi” əsəri. Əslində, sevdiyim romanlar çoxdur: “Hərb və sülh”, “Master və Marqarita”, “Cinayət və cəza”, “1984”, “Qoca və dəniz”, “Parfümer”, “İnternetdə tənhalıq”…
– Ən çox sevdiyniz yazar?
– Dostoyevski.
– Ən çox bəyəndiyiniz ifaçı?
– Enrike İqlesias.
– Ən çox bəyəndiyiniz musiqi janrı?
– Elektro.
– Mənfi xüsusiyyətiniz?
– İnsanlara tez inanıram.
– Sizi özünüzdən nə çıxara bilər?
– Şər və yalan.
– Həyat fəlsəfənizi ifadə edin…
– İstərdim ki, insan az olan bir yerdə yaşayım və çoxlu roman yazım.
– Dinlərə münasibətiniz?
-Mən Tanrıma inanıram. Din mənlik deyil.
– Kimdən və nədən xilas olmaq istərdiniz?
– Müdirdən və onun tənbehindən.
– Falçıya inanırsanmı?
– Yox.
– Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
– İkisinin də sonu daşdır. Bunun nəyi yaxşıdır ki? Ən yaxşı şey daşın üstündə oturub daşlaşmaq haqda düşünməkdir.
– Sonda mənə sualınız varmı?
– Tural, sənin neçə yaşın var?
– 25 yaşım var.
Tural Balabəyli/Aktual.az