Qış nədir? Qış isti təndir çörəyilə pendirdir, rus arağıdır, donuz və hinduşka kababıdır, qış qızardılmış balıqdır, təzə göyərti, duzlu xiyarla eyni boşqabda parkovka olunmuş kələmdir, nar və mandarindir, qış heç şübhəsiz ki, xaşdır. Qış hansısa kafenin alaqaranlıq bir küncünə qısılıb sumağla corat qutabı didməkdir. Qış odur ki, sakitcə bir küncə çəkiləsən, bayırda külək aləmi dağıda, sən də oturub sakitcə balığın üstünə narşərab töküb yeyəsən. Qış budur. Qış axırıncı dərsdən qaçan tələbələrin limonla isti mərci supu yeməsidir. Qış avtobus dayanacağında soyuqdan gizildəyən barmaqlarını ayaqqabının içərisində tərpətməkdir. Qış gecə evə tələsməkdir, səhər yuxudan sevinclə oyanmaqdır. Heykəlin yanındaki donmuş səkilərlə ehtiyatla yeriməkdir. Qış şalvarın altından geyinilmiş ikinci şalvar, ikinci corab deməkdir. Qış donmuş barmaqlar deməkdir. Qış sovet əsgərləri haqda çəkilmiş filmlərə baxmaq deməkdir. Qış odur ki, gecə saat on ikinin yarısında kafedən çıxıb dayanacağa tələsəsən və ürəyində qorxa qorxa fikirləşəsən ki:’’Birdən avtobus olmaz ha! ’’ Qış uzun söhbətdi. Qış divanda uzanıb Simonovun, Çaykovskinin rus əsgəri haqqqındaki kitablarından ləzzət aparmaqdır. Qış bayatı-şiraza qulaq asıb yayı xatırlamaqdır, qış zoğal mürəbbəsi, soyuq dəyəndə qoyulan bankalar, kəklikotulu çay, evdə hər ehtimala qarşı saxlanılan Ferveks qutularıdır. Qış qarşıdaki yayın dünya (ya da Avropa) çempionatının həsrətidir. Ən nəhayət, qış 2-ci sinifdə oxuyan, son dərsdən çıxıb, tələsmədən, təkbaşına evə gedən bir oğlan uşağının ayaqlarının altındaki ilk yanvar qarının xırçıltısının eşidildiyi sakitlikdir…
Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…
Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...