İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 39 nəfər artaraq 55 min 998 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada 39 cəsəd və 317 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 5 min 685 fələstinlinin həyatını itirdiyi, 19 min 518 nəfərin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 55 min 998 nəfərə, yaralı sayının isə 131 min 559 nəfərə yüksəldiyi bildirilib.
Kömək gözləyənlərə hücumlar
Açıqlamada son 24 saat ərzində Qəzzada yardım paylama mərkəzləri yaxınlığında həyata keçirilən hücumlarda 17 fələstinlinin öldüyü, 136 nəfərin yaralandığı da bildirilib.
Son məlumatlara görə, mayın 27-dən etibarən İsrail-ABŞ rəhbərliyindəki “Qəzzaya Humanitar Yardım Fondu”nun humanitar yardım adı altında qurduğu paylama məntəqələrində fələstinliləri hədəf alan sistematik hücumlarda ölənlərin sayı 467-yə yüksəlib, ən azı 3602 nəfər yaralanıb.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Nuranə Məmmədova


















