Qaz və işıqdan sonra daha nələr bahalaşır?

🗓 30.11.2016 09:06 ✍️ "Elçi" qəzeti
Qaz və işıqdan sonra daha nələr bahalaşır?
 Gözlənilənlər oldu-qaz və işıqdan sonra daha nələr bahalaşır?    Bütün ərzaq, kənd təsərrüfatı və nəqliyyat xidmətlərdə qiymətlərin bahalaşması qaçılmazdır; qaz və işığa “israfçılıq izahı”na ekspertlər nə deyir?
 
Tarif Şurası noyabrın 28-də qaz və işığın satış qiymətləri diffensiasiya (istehlak səviyyəsinə görə fərqləndirilməsi) edib. Belə ki, Tarif Şurasının iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətlərini bahalaşdırıb. Şuranın iclasında həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib. 
 
Qiymətlər nə qədər bahalaşıb?
Ekspert Qubad İbadoğlu bahalaşma qərarının detallarına diqqət çəkərək bunun vətəndaşa təsirini arqumentləşdirib: “Əhali üzrə qazın qiyməti illik istehlak həcmi 1500 kubmetrədək çox olan istehlakçılar əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox- 20 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək. Əgər başqa bir istehlakçı istifadə etdiyi qaza görə hər ay 30 manat, ildə 360 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ayda 17 manat 50 qəpik, ildə isə 210 manat çox, bütövlükdə isə 1 il üçün 570 manat ödəyəcək. Ayda 40 manat, ildə 480 manat ödəyənlər isə gələn ildən ayda 27 manat 50 qəpik, ildə isə 330 manat çox, bütövlükdə isə 1 il üçün 810 manat ödəyəcək”.
Əhali üzrə işığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox- 11 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla ayda 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək. Başqa bir istehlakçı ayda 28 manat, ildə 336 manat xərcləyirdisə, dekabrın 1-dən sonra ayda 44 manat 50 qəpik, ildə isə 534 manat ödəyəcək. Digər istehlakçı hər ay 35 manat, ildə 420 manat xərcləyirdisə, dekabrın 1-dən sonra ildə ayda 62 manat 50 qəpik, ildə isə 750 manat ödəyəcək.
Q.İbadoğlu deyib ki, illik 1500 kub metrdən çox qaz, 3000 kilovat-saatdan çox işıq istehlak edənlər üçün qiymətlər əhəmiyyətli dərəcədə bahalaşır..
Image result for Qaz işıq
Qiymətlərin bahalaşması əsaslıdırmı?
Qeyd edək ki, əksər ekspertlər bahalaşma qərarının əsaslı olmadığını vurğulayırlar. Çünki Azərbaycanda uzun illərdir ki, bp tərəfindən səmt qazı havayı verilir. Bu da təqribən ildə 3,5 milyard kubmetr əlavə qaz deməkdir. Azərbaycanda əhalinin istehlakını da nəzərə alsaq, ölkənin istehlak etdiyi qazın yarıdan çoxunu bp havayı verir. Amma ölkədə onsuz da qazı kifayət qədər yüksək qiymətə satırlar. Elektrik də xaricdən idxal olunmur, daxildə istehsal olunur, onun da xammalı sudur. Elektrikin qiymətinin qalxmasına ehtiyac yoxdur. Yanacaq da Azərbaycanda istehsal olunur. Q.İbadoğlu isə bildirir ki, Tarif Şurasının açıqlamasına görə, qiymətlər Dövlət Neft Şirkətinin və “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında bahalaşdırılıb. Dövlət Neft Şirkəti bunu zəruri edən səbəb kimi son illərdə şirkət tərəfindən investisiyanın qoyulmasını, xidmətin keyfiyyətinin artırılmasını, satdığı qazın bir hissəsinin əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınmasını əsas göstərib. “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində də sərmayə qoyuluşunun artırılması əsas gətirilib. “Bu şirkətlərin arqumentləri  əsassızdır, çünki qaz təchizatı sahəsində xidmətin keyfiyyəti barədə danışmağa dəyməz, əməliyyat şirkətlərindən alınan qazın qiyməti də neftin qiymətinə konvertasiya olunduğundan, istənilən halda ucuzlaşmalı idi. Sərmayə qoyuluşuna gəlincə, qaz indiyədək pulsuz verilməyib ki, onun satışından yığılan pullar investisiya qoyuluşlarının maliyyələşdirilməsinə gedib. Eyni məntiqinə elektrik enerjisi istehsalı və təchizatına da sərmayə qoyuluşu satışdan gələn gəlirlər hesabına maliyyələşdirilib” deyə, ekspert vurğulayıb.
Rəsmi qurumlar da izah verə bilmir
 
Qeyd edək ki, ekspertlər qərarda qoyulan limitlə bağlı da narazılıq bildirirlər. Bildirilir ki, böyük əksəriyyət bu limiti ötüb keçəcək. Elə isə limit, xüsusi hədd kim tərəfindən təklif edilib və bu, hansı əsaslarla hesablanıb? 
 
Image result for İbrahim Kərbəlayev
 
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev “Yeni Müsavat”a bildirib ki, ancaq limitdən keçən hədd yeni, baha tariflə hesablanacaq: “İl ərzində 1500-dən artıq qaz işlədildisə, artıq məbləğ yeni tariflə hesablanacaq. Əhalidə də, qeyri-əhali qrupunda da yeni tarif limitin keçdiyi həddə hesablanır”. Bəs limiti kim təklif və təyin edib? “Azəriqaz” rəsmisi bununla bağlı SOCAR-ın mətbuat xidmətinə müraciət etməyi məsləhət gördü.
Image result for Tanrıverdi Mustafayev
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirib ki, hələlik detallar, sayğacların necə hesablanacağı, həmçinin limitin, həddin kim tərəfindən təklif edildiyi məlum deyil: “Detalları bilmirik. Sayğacların necə oxunacağı bəlli deyil”. 
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəhbəri Rafiq Əliyev isə bildirib ki, artıq qiymətləri Tarif Şurası tənzimləməyəcək: “İsti suyun tarifi qurumdan çıxarılır, istilik hələ qalır. Yanvar 1-də qiymətlərə baxılacaq. Amma qiymətlərin tənzimləmədən çıxarılması o demək deyil ki, bahalaşma olacaq. Artıq işığın, qazın qiyməti qalxıb, məsələ qurumda müzakirə ediləcək”.
 
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev smart tipli sayğaclarda qazla bağlı hesablamanın necə aparılacağına aydınlıq gətirib. O, modern.az-a açıqlamasında bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur, sistem yeni tariflərə uyğunlaşdırılacaq: “Abonent smart tipli sayğaca pulunu köçürəcək. 1500 kuba qədər köhnə qiymətlə qəbul ediləcək. Yəni il ərzində qaz kartına yüklənən 1500 kub metrədək (150 manatadək) qaza görə hər kub metr 10 qəpikdən hesablanacaq.1500 kubdan sonra isə yeni qiymətlə- 20 qəpikdən hesablanacaq. Sayğaclar özü bunu tənzimləyəcək”.
Bahalaşma sahibkarlığa da zərbə olacaq  
Ekspertlər isə bahalaşmanın kənd təsərrüfatına, istixanalara, parniklərə də ciddi təsir göstərəcəyini vurğulayırlar. Bildirilir ki, bahalaşma bu sahədə durumu daha da çətinləşdirəcək. Sahibkar Şahin Nəcəfov deyib ki, bu sahədə çalışanların işi çətinləşəcək: “Qaz sərfiyyatı istixanalarda yüksəkdir. İndi xərc iki dəfə artacaq. Həmçinin bütün istehsal sahələrində qiymət bahalaşması olacaq, bu, qaçılmazdır. Heç olmasa, hökumət Türkiyədə, başqa ölkələrdə olan təcrübədən istifadə etsin, gecə 12-dən sonra qiymətləri endirsin. Gecə 12-dən səhər 6-ya qədər köhnə qiymətlər tətbiq edilsə, bu da fermerə bir köməklik olardı. Alternativ yanacaq axtarışı da nəticə vermir. Bu qiymətlə işləmək, qazanc əldə etmək mümkün deyil. Qaz baha, işıq baha, bununla kənd təsərrüfatında nəticə əldə etmək çətin olacaq. Bu, istehsala yönəlmiş bir zərbədir. İstehsalın məhvinə yönəlmiş addımdır. Parniklərin mahiyyətini hökumət düzgün dəyərləndirmir. Buna barmaqarası baxmaq olmaz, əksinə, güzəştlər tətbiq olunmalıdır”. Ekspertlər istixanalarda yetişdirilən məhsulların da qiymətinin 30-35 faiz artacağını vurğulayırlar.
 
Bu bahalaşma sondurmu?
Ekspertlər həmçinin bildirirlər ki, bu bahalaşma son deyil. Hökumət ya ilin sonunda, ya da gələn ilin əvvəlində yenidən ciddi qiymət artımına gedəcək. İlk növbədə ərzaq məhsullarında ciddi bahalaşma gözlənilir. Həmçinin nəqliyyatda gediş haqqının bahalaşması ehtimalları böyükdür. Metroda gediş haqqının bahalaşacağı da narahatedici xəbərlər sırasındadır. “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov isə bildirib ki, dəmir yollarında da qiymətlər qalxacaq. Qurum rəhbəri qeyd edib QSC hər ay işığa görə 1 milyon 300 min manat pul ödəyir. O vurğulayıb ki, elektrik enerjisinin qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq. Həmçinin Tarif Şurasının reaktiv mühərrik yanacağının qiymətində dəyişiklik etməsindən sonra AZAL-ın qiymətləri qaldırması da gözlənilir. Bu isə qonşu ölkələrlə rəqabəti daha da aşağı salacaq.
“Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli olacaq”
 
Image result for Qubad İbadoğlu
Q.İbadoğlu qeyd edib ki, bu qərarın həm psixoloji, həm də iqtisadi təsirləri olacaq: “Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.
Ekspert Əkrəm Həsənov isə deyib ki, Tarif Şurasının yerli məhsul olan qaz və elektrik enerjisi barədə qərarını dövlət başçısının süni qiymət artımı haqqında kəskin mövqeyinə müxalifətçilik hesab edir: “Belə ki, bu il ölkə başçısı deyib ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər”.
Bahalaşmaya  “israfçılıq izahı”
İqtisadçı Rövşən Ağayev isə kommunal tariflərin artımını əsaslandırmaq üçün əhalinin israfçılıqdan çəkinəcəyi ilə bağlı iddialara münasibət bildirib. “Bizim rəsmi statistika ”orta statistki ailə" dedikdə orta hesabla hər 100 ailəyə 450 nəfər nəzərdə tutur. Bu rəqəmdən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 27 kub edir. Nazirlər Kabinetinin təsdiq elədiyi minimum kommunal xidmət normativinə görə isə bir nəfərin minimal aylıq istehlakı 21 kub təşkil etməlidir.  Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 2.3 mln. ev təsərrüfatı təxminən 8 mlrd. kV-saat elektrik enerjisi istehlak edir. Bu, bir ev təsərrüfatına ayda təxminən 290 kV-saat elektrik istehlakı deməkdir. Yenə də rəsmi statistikanın “orta hesabla hər 100 ailəyə 450 nəfər” rəqəmindən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 64 kV-saat təşkil edir.
 
Nazirlər Kabinetinin təsdiq elədiyi minimum kommunal xidmət normativinə görə isə bir nəfərin minimal aylıq istehlakı 50 kV-saat elektrik enerjisi təşkil etməlidir.
Yəni həm təbii qaz, həm də elektrik enerjisinin faktiki istehlak səviyyəsi hökumətin rəsmi təsdiq elədiyi minimum səviyyəyə yaxındırsa, burda israfçılıqdan danışmağın yeri qalmır.
Müqayisə üçün deyim ki, Azərbaycanda adambaşına elektrik enerjisi istehlak səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə təxminən 2 dəfə azdır. İnkişaf etməkdə olan ölkələrlə isə eyni səviyyədədir.
Ümumiyyətlə, hazırda orta hesabla dünyada 1 ev təsərrüfatına elektrik enerjisi istehlakı 3.5 min kV-saat ətrafındadı. Azərbaycanda da bu qədərdir. Böyük Britaniya, Fransa və ABŞ-da 6.5-7 min kV-saat ətrafındadı.
Bu baxımdan, bizim ev təsərrüfatlarının istehlak səviyyəsi “israfçı” standartına uyğun deyil".

Bənzər yazılar