“Azərbaycan çox gözəl ölkədir. Rəqibimiz “Qarabağ” olanda oyunçularımız sevindi. Çünki belə bir səviyyəli komandaya qarşı çıxış edəcəklər. Bizim qarşılaşa biləcəyimiz rəqiblərdən ən güclüsü “Qarabağ” idi.
Elchi.az xəbər verir ki, bu sözləri İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi Bakıda təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib:
“Belə güclü komandaya qarşı oynayacağımız üçün həyacanlıyam. Bizi çətin oyun gözləyir. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
Rəqibin heyətində oyunçular dəyişsə də, baş məşqçiillərdir eynidir. Mən yoldaşlıq görüşlərini izləmişəm. “Qarabağ” ötən il Çempionlar Liqasındakı taktika ilə davam edir. “Qarabağ”ın ötən il ÇL-dəki bəzi oyunlarına baxmışam.
“Qarabağ” topla aqressiv oynayır. Çox yaxşı hücumlar qurur. Biz çalışacağıq ki, əks-hücumlarda onları yaxalayaq”.
Qeyd edək ki, “Qarabağ” – “Vestri” matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.





















