Qarabağ erməniləri ilə dialoq VACİBDİR, amma…

84

“Qarabağ erməniləri ilə Azərbaycan tərəfinin dialoq qurması hesab edirəm ki, vacib və lazımlı məsələdir, təbii ki, müəyyən şərtlər daxilində. Qarşı tərəfə olan etimadsızlıq mühitinin möv cudluğu fonunda bu addımdan hansısa nəticə almaq məsələsi sual altında olsa da, buna cəhd edilməsi bu proseslərin idarə edilməsinin ilk şərtidir”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.

O, qeyd edib ki, danışıqlar olmalıdır və bunun nəticəsinə əsasən sonrakı addımlar atılmalıdır:

“Danışıq aparmadan təzyiq və ya hədə dili ilə danışmaq prosesi çıxmaza sala bilər, bu baxımdan, ilk addımı Azərbaycan dövləti atmalıdır, çünki bu prosesdə söz sahibi və güclü olan Azərbaycandır.

Danışıq aparılacaq tərəfin kimliyi məsələsi, təbii ki, vacib olsa da, bu, taktiki məsələdir. Taktiki olaraq iştirakçıların kimliyini görünüşdə qəbul edirmiş kimi görünmək olar. Əsas strateji hədəflərdir. Strateji olaraq bu görüşlər dünyaya danışıq aparan kimi görünməklə yanaşı, Qarabağ ermənilərinin fikir və məramlarını müəyyən etmək baxımından da lazımdır. Ola bilər ki, erməni tərəfi də bu görüşlərdə konstruktiv mövqe sərgiləmək istəyir, amma Azərbaycanın qəti inkar mövqeyi səbəbindən əks mövqe nümayiş etdirir. Bu kimi məsələlər dəqiqləşməmiş hadisələri qabaqlayıb aqressiv mövqe tutmaq, fikrimcə, yanlış olar. Sonrakı addımlar hər zaman öz yerində durur. Ehtiyac halında yenə də tətbiq edə bilərik”.

Yeganə