Qara dənizdə, Odessanın yaxınlığında Almaniya şirkətinə məxsus yük gəmisi dron hücumuna məruz qalıb.
Elchi.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət Liberiya bayrağı altında üzən və mənzil-qərargahı Hamburqda yerləşən Almaniyanın “Johann M. K. Blumenthal GmbH & Co. KG” şirkətinə məxsus “Emil” gəmisindən gedir. Nəşr yazır ki, gəmi Odessadan təxminən 21 dəniz mili (təxminən 39 km) aralıda hücuma məruz qalıb.
Gəmidə yanğın baş verib və bəzi texniki sistemlər sıradan çıxıb, nəticədə gəmi manevr etmək qabiliyyətini itirib. Heyət təxliyə edilib, xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyi hücum faktını öz Telegram kanalında təsdiqləyib. İdarənin bəyanatına görə, dünən axşam Qara dənizdə Rusiya tərəfinin iddiasına görə hərbi yüklər daşıyan iki gəmi pilotsuz uçuş aparatları ilə atəşə tutulub.
“BILD”in məlumatına görə, ikinci gəmi Qvineya-Bisau bayrağı altında üzən və taxıl daşıyan “Mera Queen” quru yük gəmisidir. Hücum nəticəsində həmin gəmidə heyət üzvlərindən birinin həlak olduğu bildirilir.
Məryəm





















