Türkiyənin “Qalatasaray” klubu Camal Musiala ilə razılıq əldə edilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisinin yaydığı bəyanatda bildirilib:
“Bu gün sosial mediada və rəqəmsal platformalarda Camal Musiala ilə bağlı, eləcə də “Bavariya” ilə klubumuz arasında razılıq əldə olunduğunu iddia edən xəbərlər doğru deyil.”
Bununla belə, “Qalatasaray”ın almaniyalı futbolçu ilə maraqlandığı bildirilir.
Məlumata görə, “sarı-qırmızılılar” yay transfer pəncərəsində 10 nömrə mövqeyinə futbolçu cəlb etməyi planlaşdırır. Namizədlər arasında Camal Musiala ilə yanaşı, Can Uzunun da adı yer alır.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi ötən mövsüm zədə səbəbindən “Bavariya”nın heyətində cəmi 24 oyunda forma geyinib. O, bu görüşlərdə 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





















