Misir hakimiyyəti Qahirədəki Misir Muzeyində itmiş qədim qolbaqın tapılması üçün ümummilli xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, Misirin Turizm və Qədim Əsərlər Nazirliyi muzeyin bərpa laboratoriyasından Firon Amenemopenin dövründən qalma 3000 illik nadir qızıl bilərziyin yoxa çıxdığını açıqlayıb.
Qolbaq lapis lazuli ilə bəzədilib. Nazirlik hadisə ilə bağlı polisə məlumat verdiyini və qolbaqın fotoşəkillərini bütün quru, dəniz və hava sərhəd keçid məntəqələrinə göndərdiyini bildirib. Məqsəd potensial qaçaqmalçılıq cəhdlərinin qarşısını almaqdır.
İstintaq və araşdırma prosesi
Bərpa laboratoriyasında aşkar edilmiş bütün artefaktları fərdi qaydada yoxlamaq üçün ekspertlər komitəsi yaradılıb. Nazirlik bilərziyin yoxa çıxması ilə bağlı ictimaiyyətə açıqlama verilməsinin gecikdirilməsinin “istintaqın rəvan getməsi” ilə əlaqədar olduğunu bildirib. Lakin artefaktın sonuncu dəfə nə vaxt göründüyü açıqlanmayıb. Beynəlxalq sərgiyə hazırlıq zamanı aşkar edilib. Misir mətbuatında çıxan xəbərlərə görə, itki gələn ay Romada açılacaq sərgi üçün işlərin qablaşdırılması zamanı aşkar edilib.
Şayəstə Hüseynova





















