Fələstinli səlahiyyətlilər İsrail ilə atəşkəsin 3 gün uzadılması barədə razılıq əldə olunduğunu bildiriblər.
ANS PRESS-in məlumatına görə, İsrail ilə Qahirədə aparılan danışıqlarda Fələstin heyətində olan Qeys Əbdülkərim, “Bu gecə yarısı bitəcək müvəqqəti atəşkəsin 72 saat daha uzadılması barədə razılığa gəldik”- deyə bildirib.
Xatırladaq ki, Misirin paytaxtı Qahirədə İsrail nümayəndələri ilə Fələstinin HƏMAS qruplaşmasının nümayəndələri arasında danışıqların 3-cü günüdür. Görüş Qəzza zolağında artıq bir aydan çoxdur davam edən münaqişənin uzunmüddətli həll yolunun tapılmasına istiqamətlənmişdi. Lakin hər iki tərəfin nümayəndələri jurnalistlərə açıqlamalarında danışıqların çox ağır keçdiyini bildirirdilər.
HƏMAS İsraildən Qəzza zolağının 2006-cı ildən bəri davam edən blokadadan çıxarılmasını tələb edir. İsrail isə HƏMAS qruplaşmasının tam silahsızlaşdırılmasında təkid edir. Qahirədə analoji görüş ötən həftənin cümə günü uğursuzluqla nəticələnmişdi. Buna HƏMAS döyüşçüləri İsrailə raket zərbələrini davam etdirməsi səbəb olmuşdu.
Qəzza zolağında tərəflər arasında 72-saatlıq humanitar atəşkəs isə bu gün yerli vaxtla gecə saat 12-də başa çatacaqdı.
Qeyd edək ki, Qəzza zolağında İsrailin hərbi əməliyyatı nəticəsində üçdə ikisi mülki olan 2 min insan həlak olub.