İran Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqlarda iştirak edən tərəflərdən bir sıra mesajlar alıb.
Elchi.az-ın məlumatına görə, İranın “Mehr” xəbər agentliyi yazır ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdallahiyan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani ilə birgə mətbuat konfransında bildirib.
“Biz Qətərə İrana qarşı sanksiyaları ləğv etmək səylərinə görə təşəkkür edirik. Qətər JCPOA-nın bütün tərəflərini öz öhdəliklərinə qaytarmağa çalışır. Bu gün Qətərin xarici işlər naziri vasitəsilə layihənin digər tərəflərindən də mesajlar aldıq. Biz Qətərə bütün tərəfləri sazişin son addımlarına çatdırmaqda göstərdiyi xoş niyyətə görə təşəkkür edirik. Danışıqlar zamanı mən ABŞ və üç Avropa ölkəsinin İranda baş verən son iğtişaşlar zamanı qeyri-konstruktiv rolunu və müdaxiləçi hərəkətlərini qeyd etdim”, – deyə Abdullahiyan bildirib.
Qətərin xarici işlər naziri də öz növbəsində bildirib ki, Doha bütün tərəfləri razılaşmaya qayıtmağa çağırır.
“Bu, nüvə sazişi ilə bağlı məsələlərin həlli və razılaşmaya qayıtmaq üçün uyğun şərtlərin tapılması üçün yaxşı fürsətdir”.
Qətərin xarici işlər naziri ABŞ-ın mesajlarını da İrana çatdırdığını bildirib.
İran-Amerika dialoqu apara biləcəyi ilə bağlı sualı cavablandıran Əl Tani həmçinin deyib:
“Qətər regionda sabitliyə və nüvə sazişinin bağlanmasına sadiqdir, çünki bu, regionun sabitliyi üçün mühüm amildir. Razılaşmaya hazır olmaq üçün anlaşılmazlıqları aradan qaldırmağa çalışırıq”.
Yeganə