“Rusiya kəşfiyyatı Qərbin birləşmiş kəşfiyyat gücü (Əsasən CIA və MI6) qarşısında acizdir, bir neçə hadisə qaranlıq və mifoloji KQB təsəvvürlərini alt-üst edir”.
Bu fikirləri Elchi.az-a açıqlamasında Aleksandr Duqinin qızı Darya Duqina həlak olması barədə danışarkən siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik qeyd edib ki, Qərb Vladimir Putinin şəxsi motivlərini, taktikasını bütünlüklə ifşa etmək həddinə gəlib çata bilmir, çünki Putin özü də oyunlarla onları çaş-baş salır:
“Darya Duqinanın öldürülməsi Rusiyanın təhlükəsizlik-kəşfiyyat sistemindəki boşluğu göstərir və bu fikri gücləndirir ki, Qərb rəqibinin sinir nöqtələrində öz agentlərini yerləşdirməyi bacarıb. Putin emosional deyil, onun əlində başqa kartlar var, Putin soyuqqanlılıqla düşmən ovuna çıxıb Rusiya idarəetməsindəki casusları tapıb cəzalandıracaq, yalançı casuslar da tapılacaq”.
A.Kərimov qeyd edib ki, Duqinanın öldürülməsi Rusiyanın daxilində hazırkı hakimiyyətə qarşı silahlı cəbhə formalaşdırmağın elanı kimi başa düşülə bilər:
“Məqsəd Rusiyanın daxilindəki ocaqlara benzin tökərək onu Kremlə qarşı alovlandırmaqdır.
Rusiyanın strategiyasında kəşfiyyat fəaliyyəti Moskva üçün xeyli fəsadlar təqdim edir. Bu fəsadların yaranmasında Qərbin rolu böyükdür. Rusiyanın kəşfiyyat orqanlarının nəzərəçarpacaq dərəcədə zəif fəaliyyətini vurğulamaq lazımdır, hibrid müharibədə Qərb məqsədlərinə doğru daha çox irəliləyir. Amma Qərb Ukraynadakı hərb meydanında faktiki olaraq Rusiyanı geri oturda bilməyib”.
Yeganə