Qərbin Rusiyanı 8 yerə bölmək planı işə düşüb
Sanksiyalar Rusiyanı çökdürə bilər; “Rusiyanın həm iqtisadi, həm də siyasi sahədə təklənməsi prosesi həyata keçiriləcək”
Ukraynanın ərazi bütövlüyünü pozması ilə Avropa Birliyinin, Qərbin qəzəbinə tuş gələn Rusiya Ukrayna ərazisində Malayziya təyyarəsinin vurulması ilə daha çətin durumla üz-üzə qalıb. Artıq Avropa Birliyi Rusiyaya qarşı yeni ağır sanksiyalar qəbul etməyə başlayıb. Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafını “qara siyahıya” salıb.
Rusiyaya qarşı daha bir genişləndirilmiş sanksiyalar paketi qəbul olunub. Eyni zamanda Böyük Britaniyanın baş naziri Devid Kemeron silah satışına qadağa qoymağa çağırıb. Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Kemeron bildirib ki, Malayziya təyyarəsinin vurulmasına cavab olaraq növbəti ağır sanksiyalar Putinin dostlarına və oliqarxlara da şamil olunacaq. Baş nazir qeyd edib ki, Avropa Birliyinin Rusiyaya belə münasibəti təkcə təyyarənin rusiyapərəst qüvvələr tərəfindən vurulması ilə bağlı deyil. Bu həm də Moskvanın separatçıları dəstəkləməsi ilə əlaqədardır: “Əgər Moskva Ukraynaya münasibətini dəyişməsə, Avropa və Qərb Rusiyaya yanaşmanı əhəmiyyətli dərəcədə dəyişəcək”.
Avropanın sanksiyalarının hədəfləri ABŞ-ın da “qara siyahısına” düşüb. Onların əksəriyyəti Putinlə birgə güc strukturlarında işləyən dostları və Sankt-Peterburqdan olan oliqarxlardır. Bunlar - Putinin yaxın dostları və milyarderlər Gennadi Timçenko, Sergey İvanov, Arkadi və Boris Rotenberq qardaşları, İqor Seçin, Yuri Kovalçuk, Vladimir Yakunindir.
Avropa Birliyinin, ABŞ-ın mövqeyinin sərtləşməsi, vəziyyətin gərginləşməsi Rusiya prezidentinin rəhbərliyi ilə iyulun 22-də Təhlükəsizlik Şurasının təcili toplantısının keçirilməsinə səbəb olub.

Proseslərin gedişi Rusiya üçün çətin günlərin qarşıda olduğunu söyləməyə əsas verir. Bu mövzuda danışan politoloq Qabil Hüseynli bildirdi ki, təyyarə məsələsi Rusiyanın dünya üçün nə qədər təhlükə olduğunu açıb göstərdi. Dünya gördü ki, onun qarşısında ipə-sapa yatmayan, ağılasığmaz hərəkətləri ilə dünyanı qana çalxalamağa hazır olan bir siyasi lider dayanıb: “Bəziləri hətta onu Adolf Hitlerin 1933-cü ildəki davranışları ilə müqayisə edirlər. Belə bir analogiya gətirirlər ki, əgər vaxtında Hitler dayandırılsaydı, İkinci Dünya müharibəsi də baş verməzdi. İndi də belə hesab edirlər ki, əgər Putin vaxtında dayandırılarsa, onda dünyanı gözləyən təhlükələrin də qarşısını vaxtında almaq olar. Həqiqətən də sanksiyaların üçüncü dövriyyəsinin tətbiq edilməsi Rusiya üçün o qədər arzu edilən nəticələrə gətirib çıxarmayacaq. Üçüncü dövriyyədə Rusiyaya qarşı geniş maliyyə və ticari sanksiyalar nəzərdə tutulur. Bunun nəticəsində Rusiya dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıqdan məhrum ediləcək. Rusiya demək olar ki, dünya banklarından tamamilə təcrid ediləcək və nəticə etibarilə Rusiyanın həm iqtisadi, həm də siyasi sahədə təklənməsi prosesi həyata keçiriləcək. Bu isə o deməkdir ki, Rusiya çox ciddi problemlərlə baş-başa qalacaq. Bu problemlərin içərisində, əvvəla, xarici ticarət dövriyyəsinin hiss ediləcək səviyyədə azalması, eləcə də Rusiyanın qabaqcıl texnologiyadan məhrum edilməsi prosesi dayanır”.
Politoloqun sözlərinə görə, sanksiyaların üçüncü mərhələsi bütün Avropa Birliyi tərəfindən həyata keçirilərsə, Rusiyanı çox böyük fəlakət gözləyir: “Rusiya Təhlükəsizlik Şurası iyulun 22-də toplanarkən Rusiyanın hətta bölünməsi ilə bağlı planlar müzakirə edilib. Putin ilk dəfə olaraq, Rusiyanın 8 yerə bölünməsi ilə bağlı Qərbin planlarının olmasından danışıb və bunun qarşısını almaq üçün ciddi tədbirlərin görülməsinin zəruriliyini qeyd edib. Hətta ətrafındakıları ruhlandırmaq naminə bildirib ki, Rusiyaya heç kəs qalib gələ bilməz. Amma fakt faktlığında qalır ki, artıq hərbi sənaye kompleksinin içərisində, eləcə də hərbçi generalların içərisində Putini avantürist və siyasi uzaqgörən olmayan bir xadim kimi tanıyırlar. Hətta onun uzaqlaşdırılması, aradan götürülməsi barədə planlar cızırlar. Belə bir variant da irəli sürülür ki, Malayziya təyyarəsini Putinin təyyarəsi hesab edərək vurublar. Bununla da rus kəşfiyyatındakı müəyyən adamlar Putini aradan götürmək barədə planlar cızırlar. Yəni Rusiya siyasi elitasında, eləcə də hərbi elitasında vəziyyət kifayət ciddidir”.
Q.Hüseynli Rusiyanın Ukraynaya müdaxiləsinin artıq Rusiya hüdudlarında ciddi qəzəb dalğası doğurduğunu, ölkənin düşdüyü problemlərin narazılıqları artırdığını da vurğuladı: “Malayziya təyyarəsi vurulanadək müəyyən illüziyalarla ətrafı aldatmaq mümkün idi. Amma təyyarə hadisəsindən sonra artıq Putin ətrafına da əvvəlki kimi nəzarət edə bilmir. Xüsusən hərbi elita içərisində ciddi çürümə prosesləri gedir və bu proses Kreml başçısı üçün ağır nəticələr doğura bilər. Çünki hərbi elita da başa düşür ki, Qərb artıq Rusiyanı təkləyib və hətta Rusiyanın bölünməsi prosesi üzərində iş getməyə başlayıb. Şimali Qafqazda da müəyyən hərəkətlərin başlanması artıq Rusiya üçün ciddi çöküş siqnalıdır. Qərb yaranmış vəziyyətdə Rusiyanı sıradan çıxarmaq üçün yeni-yeni variantlara əl atmaq fikrindədir. Prosesə başçılıq edən ABŞ-dır. Avropa Birliyi bir qədər ehtiyatlı hərəkət edir. Rusiya elə bir bataqlığa düşüb ki, çırpındıqca daha dərinə batır. Zənnimcə, Rusiya dövlətçiliyi, xüsusən də Vladimir Putinin başı üzərində buludlar getdikcə sıxlaşmaqdadır”.
Etibar SEYİDAĞA