“Putinin səfərbərlik elan etməsi çox təhlükəli və hiyləgər məqsəd güdür. Elan olunan 300 min əsgər planlaşdırmasının əslində 500min və daha sonra da 500 min olmaqla 1milyona çatdırılması planı olduğunu kəşfiyyat mənbələri bildirirlər. Amma 300 min olsa belə bu, yenə də bir məqsədə xidmət edəcək”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.
“Putinin “biz hələ heç nəyə başlamamışıq” dediyini bilirik. Putin Ukraynaya hücum edəndə onun əsas məqsədi hamıya bəlli idi. Sonra isə plan baş tutmayanda hamı fikirləşdi ki, Putin artıq məğlub olub və bu planından əl çəkib.
Putinin planı nə idi?
Putin Ukraynaya hücum etməklə Sovet İttifaqı-2 qurmağı planlaşdırırdı. Artıq Putin bu planını həyata keçirməyə çalışacaq. Səfərbərliyi də bunun üçün edir. Son və qəti həmlə etməyə hazırlaşır. Onun Ukrayna cəbhəsindəki məğlubiyyətini daxili auditoriyada yalnız bu məqsəd yatıra bilər. Ona görə də Putinin bu planı həyata keçirməkdən başqa yolu qalmayıb.
Bunun üçün Rusiyanın hərbi və maddi ehtiyyatlarının yetərli olması şübhə doğursa da, hesab etmək olar ki, digər postsovet məkanlarına Rusiyaya Ukraynadakı kimi müqavimət olmayacaq. Təbii ki, bu, şərti fikirdir, amma yüz minlərlə rus ordusunun bir respublikaya hücumunun heç də asan qarşısı alınacaq məsələ olmadığı gerçəyi ilə hamı razılaşar. Hər respublikada da Rusiyanın 5ci kolonu olduğu gerçəyini nəzərə alsaq, bu, çox təhlükəli hal alacaq.
Hesab edirəm ki, Azərbaycan dövləti bu təhlükəni gözə almalıdır. Rusiya üçün Azərbaycan sovet qurmaq baxımından itirilmiş ölkə olsa da, bizim yenə də indidən işimizi ehtiyatlı tutmaqda fayda vardır, çünki Rusiya Ermənistan və Gürcüstanda bunun üçün Amerika ilə çarpışacaq. Bunun bizim üçün təhlükəli tərəfləri olmamış olmayacaq.
Bu, bir versiyadır, amma reallıq payı böyük olan versiya olduğu üçün nəzərə alınmalıdır ki, tədbirli olaq”.
Yeganə