Noyabrın 28-də Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arealda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Buna dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya İdman kompleksləri, idman qurğuları və stadionlar tikilir. Belə nəhəng idman qurğularından biri də Ağcabədidə inşa olunub. Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkə idmançılarının ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir.
Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və fitnes zalları, yay kafesi, mağaza, bilet satışı kassası var. Binada, həmçinin məşq zalları, VIP loja, nəzarətçilər, məşqçilər, hakimlər üçün otaqlar, dopinq-nəzarət, soyunub-geyinmə və digər zəruri otaqlar yaradılıb. Baş plana əsasən, kompleksdə uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.
Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Üçmərtəbəli 50 yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada üç birnəfərlik, iki ikinəfərlik, iki VIP, 13 üçnəfərlik otaqlar və 95 yerlik konfrans zalı mövcuddur.
Qeyd olundu ki, buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Zalda üzgüçülük yarışlarını 100-dən çox tamaşaçı izləyə biləcək. Binada restoran da fəaliyyət göstərəcək. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Ətrafda geniş yaşıllıq zolaqları salınıb, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşdü.
Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli Cəfərov ölkəmizdə idmanın inkişafına, o cümlədən rayona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına ağcabədililərin minnətdarlığını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
***
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu baxımdan vacib əhəmiyyət daşıyır. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramından da görünür. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan körpələr evi-uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə edir.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək. Balacaların qidalanması və istirahəti üçün də burada gözəl şərait yaradılıb. Bina bütün zəruri sosial infrastrukturla tam təchiz edilib. Burada təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları da quraşdırılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacalar üçün maraqlı attraksionlar quraşdırılıb, yaşıllıq zolağı salınıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Prezidenti muzeydə yaradılan şəraitlə tanış oldu.
Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirəlayiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir.
Azərbaycanın bölgələrindəki Tarix-Diyarşünaslıq muzeylərinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə muzeylərdə həm ölkəmizin, həm də müxtəlif rayonların tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanır. Azərbaycan tarixinin əsrlərin dərinliklərindən qaynaqlanan izlərini yaşadan belə muzeylərin başlıca üstünlüklərindən biri də ölkəmizin bölgələrinə xas mədəniyyət elementlərinin qorunub saxlanması ilə bağlıdır. Prezident İlham Əliyev qədim və zəngin mədəniyyət abidələrimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasına xüsusi diqqət yetirir. Bu, bir daha Azərbaycan dövlətinin milli mənəvi dəyərlərimizə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Ağcabədidəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması da bu həqiqəti təsdiq edən amillərdən biridir.
Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Əsaslı surətdə yenidən qurulan ikimərtəbəli binanın birinci mərtəbəsində fond otaqları, dəftərxana və digər inzibati otaqlar var. Burada, həmçinin 60 yerlik konfrans zalı da yaradılıb. İkinci mərtəbə isə ekspozisiya zallarından ibarətdir. Ekspozisiya zallarında “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü” və “Görkəmli şəxsiyyətlər” adlı altı bölmə var. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Diqqətə çatdırıldı ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır. Bütövlükdə şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini bir daha nümayiş etdirir.
***
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də müvafiq tədbirlər görülür. Paytaxtımızla yanaşı, ölkənin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir. Azərbaycan bayrağı dövlətimizin suverenliyinin rəmzlərindən biri, milli mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür. Məhz ölkəmizdə dövlət bayrağına ehtiram bəslənməsi ilə bağlı aparılan məqsədyönlü və kompleks işlərin məntiqi nəticəsi olaraq indi Azərbaycanın üçrəngli bayrağı müxtəlif mötəbər beynəlxalq tədbirlərdə, o cümlədən ən nüfuzlu idman yarışlarında yüksəklərdə dalğalanır. Bu da Azərbaycan dövlətinin gücünün və durmadan artan nüfuzunun əyani göstəricisidir. Təqdirəlayiq haldır ki, hər bir azərbaycanlı Vətənimizin bayrağının əbədiliyi və daim ucalarda dalğalanması naminə əlindən gələni əsirgəmir. Ağcabədi rayonunda bir il ərzində tikilmiş bayraq muzeyi də dövlət bayrağımızın tarixi haqqında dolğun məlumatlarla zəngindir.
Dövlətimizin başçısı muzeydə yaradılan şəraitlə tanış oldu.
Muzeyin sərgi zalında ümumilikdə üç bölmə yaradılıb. Burada Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur.
Muzeyin ikimərtəbəli binasında akt və konfrans zalları, elektron kitabxana və digər inzibati otaqlar yaradılıb.
Yeni muzeyin yerləşdiyi Bayraq Meydanı da gözəlliyi ilə diqqəti cəlb edir. Son vaxtlar meydan genişləndirilib, burada əsaslı yenidənqurma işləri görülüb. Meydanda hündürlüyü 65 metr olan bayraq dirəyinin postament hissəsi abadlaşdırılıb, ətrafda yaşıllıq zolaqları salınıb. Burada quraşdırılan yeni işıqlandırma sistemi və fəvvarə də ərazinin gözəlliyini daha da artırıb.