Polşada keçirilən prezident seçkilərində Navroçki qalib gəlib

Polşada keçirilən prezident seçkilərinin gərgin mübarizə şəraitində keçən ikinci turunda Karol Navroçki 50,9 faiz səs toplayaraq qalib gəlib.
Elchi.az xəbər verir ki, Polşada bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda 29 milyon qeydiyyatdan keçmiş seçici Varşava meri Rafal Trzaskowski ilə müxalif mühafizəkar Hüquq və Ədalət Partiyasının namizədi, tarixçi Karol Navroçki arasında seçim etmək üçün sandıq başına gedib.
Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, Navroçki səslərin 50,9 faizini qazanaraq ölkəni beş il müddətinə prezidentlikdə təmsil edəcək şəxs olub. Seçkiqabağı sorğularda bir qədər irəlidə olduğu göstərilən Trzaskowski 49,1 faizdə qalıb.
Seçici fəallığı 71,63 faiz təşkil edib.
Prezident seçkilərinin ikinci turu Polşada baş nazir Donald Tusk hökuməti ilə müxalifət arasında, xüsusən də Avropa İttifaqı (Aİ) münasibətləri, məhkəmə islahatları, abort qanunları və Rusiya-Ukrayna müharibəsi kimi məsələlər ətrafında ziddiyyətlərin kölgəsində keçirilib. Siyasi analitiklər bildirirlər ki, Aİ-yə uzaq yanaşması ilə tanınan və ABŞ prezidenti Donald Trampın siyasətindən ilham alan Navroçki prezidentliyi dövründə veto hüququ ilə Tuskun rəhbərlik etdiyi koalisiya hökumətinə meydan oxuya bilər.
Şayəstə Hüseynova