Elchi.az xəbər verir ki, İmmiqrasiya və Pasportlar Baş İdarəsi Pakistan Ədalət Hərəkatı Partiyasından 9 keçmiş nazir və Avami Müsəlman Liqasının lideri, keçmiş nazir Şeyx Rəşid Əhmədin diplomatik pasportlarının ləğv edilməsinə qərar verildiyini açıqlayıb.
Bu çərçivədə keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi və keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd də daxil olmaqla 10 keçmiş nazirin diplomatik pasportları ləğv edilib.
Sözügedən siyasətçilər İmran Xan hökumətinin vəzifədə olduğu 2018-ci ilin iyul-2022-ci ilin aprel aylarında kabinet üzvləri olublar.
Pakistan qanunlarına görə, Nazirlər Şurasının üzvləri səlahiyyət müddəti bitdikdən sonra 30 gün ərzində pasportlarını təhvil verməlidirlər.
Sözügedən nazirlərin 2022-ci ilin aprelində Xan hökumətinin süqutundan sonra pasportlarını təhvil verib-vermədiyi və ya vəzifədən getdikdən 13 ay sonra pasportlarının niyə ləğv edildiyi bəlli deyil.
Lakin İmran Xanla hökumət arasında aparılan müzakirələrdən sonra hökumətin belə bir addım atdığı qiymətləndirilir.
Mayın 25-də İmran Xan da daxil olmaqla, Pakistan Ədalət Hərəkatı Partiyasından onlarla siyasətçinin ölkədən çıxışı qadağan edilib.
Nuranə Məmmədova