Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib.
Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi “Associated Press” agentliyinə bildiriblər ki, bu, ştatda 30 il ərzində xəstəlikdən ilk ölüm halıdır.
Ştatın qubernatoru Keti Hokulun sözlərinə görə, uşaq Sirakyusdan təxminən 150 kilometr şimalda yerləşən Lyuis dairəsində dünyasını dəyişib.
ABŞ yüksək vaksinasiya səviyyəsi sayəsində hələ 2000-ci ildə ölkə daxilində qızılcanın yayılmasını dayandırmışdı. Lakin son illərdə peyvəndləmə əhatəsi alovlanmaların qarşısını almaq üçün tələb olunan 95%-lik səviyyədən aşağı düşüb.
Hokul uşağın ölümünü peyvəndlə qarşısı alına bilən xəstəliklərdən əhalinin mühafizəsi tədbirlərinin zəifləməsinin nəticələri barədə faciəvi bir xatırlatma adlandırıb.
ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, bu il ölkədə qızılcadan rəsmi olaraq üç ölüm halı təsdiqlənib. Lakin ayrı-ayrı ştatların hakimiyyət orqanları daha yüksək göstəricilər barədə məlumat verirlər. Belə ki, Pensilvaniyada beş ölüm halı qeydə alınıb və ehtimal olunan altıncı hal araşdırılır.
Oktyabrın əvvəlində Hokul qonşu ştatlarda və Nyu-Yorkun kənd rayonlarında qızılca alovlanmaları səbəbindən fövqəladə vəziyyət rejimi elan etmişdi.
Şayəstə





















