NATO ABŞ qoşunlarının bir hissəsinin Avropadan çıxarılması planı fonunda, diqqətini Rusiya ilə qarşıdurmaya yönəltmək üçün bəzi xarici missiyalarını, xüsusən İraq və Kosovodakı fəaliyyətini dayandırmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, NATO ölkələri son iki onillikdə hərbi planlaşdırmanın ən böyük yenidən baxılmasına hazırlaşırlar. Alyans üzvləri hərbi resursları Avropa istiqamətində cəmləşdirmək üçün lokal böhranların qarşısını almaq üzrə xarici missiyalara qoşun ayırmaq öhdəliyindən imtina etmək imkanını nəzərdən keçirirlər.
Bu proses ABŞ tərəfindən Avropadakı Amerika qüvvələrinin dislokasiyasına dair aparılan strateji baxışla paralel şəkildə həyata keçirilir. Gözlənilir ki, bu, Vaşinqtonun NATO-nun Avropa ərazisindəki hərbi iştirakının azalmasına gətirib çıxaracaq.
Əvvəllər alyansın hərbi planlaşdırmasında Amerikanın “eyni vaxtda iki hərbi böhrana hazır olmaq” prinsipi tətbiq edilirdi. Bu prinsip NATO ölkələrinin eyni vaxtda həm Avropanın hərbi müdafiəsini təmin etməyə, həm də təşəbbüskarı demək olar ki, həmişə ABŞ olan xarici missiyalarda iştirak etmək üçün qoşun göndərməyə hazır olmasını nəzərdə tuturdu.
Məryəm




















