“Son zamanlar ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanların və ondan istifadə edənlərin sayının narahatlıq yaradacaq qədər artdığı müşahidə olunur.
Müşahidələr göstərir ki, ən təhlükəlisi narkotik alüdəçiləri arasında yaş həddinin sürətlə aşağı düşməsi, bu bəlaya düçar olanlar arasında yeniyetmə və gənclərin sayının artmasıdır.Bu məqamda haqlı olaraq, bütün diqqətlər Daxili İşlər Nazirliyinə, polis əməkdaşlarına yönəlir, onlardan yaranmış vəziyyətə təcili müdaxilə istənilir”.
Elchi.az xəbər verir ki, bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı Feysbuk hesabında bildirib.
“Həqiqətən də, DİN ictimaiyyətdən gələn hər belə siqnala olduqca operativ reaksiya verir, narkomaniyaya qarşı mübarizədə əməli addımlar atır.
Ancaq narkomaniyaya qarşı mübarizə ancaq polisin işidirmi?
Əlbəttə ki, yox! Bu bəla ilə mübarizəyə bütün cəmiyyət qoşulmalıdır.
Xüsusi ilə də bu sahədə yaranmış vəziyyət təhsil, səhiyyə, gənclər və idman sahəsinə məsul olan dövlət qurumlarını da narahat etməli və onlar təcili və real addımlar atmalıdırlar.
Ancaq bu addımlar qətiyyən illərdir müşahidə etdiyimiz kimi dost-tanış, şərik QHT-lərə, MMC-lərə narkomaniya ilə mübarizə adı altında qalstuklu, təhsilli 10-15 gənclə görüş keçirmək üçün külli miqdarda qrant paylamaqdan ibarət olmamalıdır. Yoxsa, gələcəkdə vəziyyət indikindən də ağır ola bilər..
Bütün təhsil və gənclik ictimaiyyəti səfərbər olub, gələcəyimizi bu bəladan xilas etməlidir.
Bu dövlət, xalq və tarix qarşısında borcumuzdur!”.
Yeganə