Əli Əliyev: “Bizim ”hücum” kimi bayağı epitetlərlə zəngin şüarçılıq etmək niyyətimiz yoxdur”
Bir zamanlar Azərbaycanda siyasi leksikonda “müxalifətin yaz hücumu” adlanan məşhur termin var idi. Yaz öncəsi bu məsələ aktuallaşırdı və bəlli olurdu ki, həqiqətən də müxalifət partiyalarının hakimiyyətə qarşı “yaz hücumu” planı var və adətən yaz aylarında etiraz aksiyaları keçirilirdi. Son zamanlar isə müxalifət bu taktikanı sanki kənara qoymuş kimi görünür. Heç bir yaz hücumu planı, aktivləşmək üçün hansısa plan ortada görünmür. Müxalifətin nədən əvvəlki kimi “yaz hücumu” planının olmadığı barədə 15-ə yaxın müxalif partiyanın təmsil olunduğu müxalifət birliyinin üzvü olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə danışdıq.
Əli Əliyev bildirdi ki, siyasətdə dövriliyin tələbi yanlışdır. Siyasət cəmiyyətlə əlaqəli olduğundan şərtlər daim dəyişir: “Sizin xatırlatdığınız o dövrlərdən vəziyyət xeyli fərqlidir. Bir də ki, əgər deklorativ taktika özünü doğrultmayıbsa, deməli, yeni yollar axtarılmalıdır.
Əvvəllər mövsümi “hücum”ların bir neçə səbəbi var idi. Yaz təbiətin oyanma dövrüdür. Bioloji olaraq fəallaşma mərhələsi məhz yaz mövsümünə təsadüf edir. Xalq arasında buna “qanın qaynayan vaxtı” deyilir. Müxalifətin bu fizioloji prosesi düzgün qiymətləndirdiyi qənaətindəyəm. Kütləvi tədbirlər üçün də bahar ayları temperatur uyğunluğu ilə seçilir. Daha bir səbəbi də yaz fəallaşmasına aid etmək olar. Novruz xərcləri ilə yanaşı yaz mövsümü, bazar bahalığının da son ayları, müvafiq olaraq, sosial gərginliyin yüksək olduğu dövr kimi xarakterizə olunur. Keçmişdəki müxalifət fəallaşmasının səbəbləri sırasında “hücum” amili kimi bunları görürəm. Göründüyü kimi, sadalananlar cəmiyyətlə siyasi qüvvələrin simbiozunda uğur gətirə bilərdi. O dövrün buraxılan səhvləri nəticəsizliyin nədəni olmuşdur. Son illər siyasi müxalifətlə cəmiyyətin arasında müvəqqəti sədd çəkmiş iqtidar və neft pulları obyektiv proseslərdən yararlanmaq imkanını məhdudlaşdırmışdır”.
Partiya sədri vurğuladı ki, artıq siyasi mərhələ dəyişib. Neft pullarının tükənməsi, iqtidardaxili münasibətlərin qızışması, beynəlxalq şərtlər yenidən cəmiyyətin oyanışına və narazıdan etirazçıya çevrilməsinə təkan verəcək: “Hakimiyyətdaxili təyinatları da yeni dövrün tələbi saymaq olar. Mehriban Əliyevanın fəal şəkildə siyasi administrasiyaya cəlbi, iqtidar imicinin və idarəçilik şərtlərinin dəyişiklik istəyi kimi qavranılmalıdır. Bu istək də siyasi fəallaşmanı şərtləndirəcək. Əminəm ki, müxalifət də cəmiyyətdə baş verənlərdən ”özünə gələcək”.
Bizim nəslin “hücum” kimi bayağı epitetlərlə zəngin şüarçılıq etmək niyyətimiz yoxdur. İstəyimiz ağrısız hakimiyyət dəyişikliyi etmək, ölkəni gözləyən təhlükələri ötüşdürmək və keyfiyyətcə fərqli iqtidara sahiblənməkdir. Ola bilər cəmiyyət tərəfimizdən səsləndirilən şüarlara şahidlik etməsin, lakin mövcud iqtidarın yola salınması üçün rasional addımlarımızın şahidi hamı olacaq”.