Misir və ABŞ nümayəndələri Qəzza zolağında atəşkəslə bağlı danışıqlara başlayıb. Elchi.az xəbər verir ki, bu barədə “Al Qahera News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
“Misir-Amerika danışıqları atəşkəsə nail olmaq və Qəzza zolağında saxlanılanların azadlığa buraxılması üçün davam edir”, – deyə mənbələr bildiriblər. onlar əlavə ediblər ki, Qahirə Fələstin ərazisində atəşkəs əldə etmək üçün ABŞ və tərəfdaşları ilə fəal şəkildə əməkdaşlıq edir.
Qeyd edək ki, bu arada, İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yüksək səviyyəli liderlərinin yaşadığı Qəzza zolağının Rimal bölgəsində reydlər keçirdiyini bildirib. İDF-nin məlumatına görə, Rimal və Şeyx İclin ərazilərində fəaliyyət göstərən Zirehli Korpus, Mühəndislər, Hərbi Hava Qüvvələri və Paraşüt Briqadaları 35 tunel şaftı və çoxlu silah-sursat aşkarlayıb.
Havar Şəfiyeva