Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Amerikanın “Microsoft” şirkətini Kiyevi dəstəkləməkdə və Rusiya Federasiyasının ziyanına hərəkət etməkdə ittiham edib. Elchi.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.
O, şirkətin təkcə anti-Rusiya ritorikası ilə deyil, həm də dövlətimizin ziyanına olan konkret addımlarla ləkələndiyinə diqqət çəkib. Qaluzin qeyd edib ki, xüsusi əməliyyatın əvvəlindən “Microsoft” Ukraynaya kibermüdafiəsini gücləndirmək bəhanəsi ilə müxtəlif dəstəklər verir.
Bundan əlavə, şirkət mütəmadi olaraq Rusiyanı Ukrayna resurslarına kompüter hücumları təşkil etməkdə ittiham edir.
2022-ci ilin avqustunda “Microsoft”, Rusiyada yaradıldığı və NATO ölkələrindəki insanları və təşkilatları hədəf aldığı iddia edilən Seaborgium haker əməliyyatını aşkar etdiyini açıqlayıb.
Şirkətin hesabatını şərh edən Rusiya xarici işlər nazirinin müavini Oleq Syromolotov bildirib ki, “Microsoft” xüsusi xidmət orqanlarının və Pentaqonun sifarişləri üzərində işləyir, onların fəaliyyəti Ukraynanı informasiya suverenliyindən və rəqəmsal infrastruktur üzərində nəzarətdən məhrum edib.
2022-ci ilin martında Microsoft Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya bazarında məhsullarının satışını və xidmətlərini dayandıracağını açıqlaylb.
Ukrayna prezidenti Vladimir Zelenski məktubunda “Microsoft”u Rusiya ilə bütün əlaqələri kəsməyə çağırıb. Microsoft rəhbərləri bildiriblər ki, şirkət Rusiyanı tamamilə tərk etmək fikrində deyil və Ukrayna hakimiyyətinin çağırışlarına baxmayaraq, regionda fəaliyyətini davam etdirəcək. Korporasiya bu qərarını sosial məsuliyyətlə izah edib.
Havar Şəfiyeva